"İmişli"nin kapitanı: "Texniki məğlubiyyət bizə təsir etməyəcək" - MÜSAHİBƏ

Müsahibə
15 Sentyabr 2025 18:00
50
"İmişli"nin kapitanı: "Texniki məğlubiyyət bizə təsir etməyəcək" - MÜSAHİBƏ

"İmişli"nin kapitanı Azər Salahlının Sportnet.az-a müsahibəsi

– Qubada “Sumqayıt”a qarşı keçirdiyiniz oyunun gedişatı barədə fikirləriniz necədir?

– Matçın çətin keçəcəyini bilirdik. Təəssüf ki, protokolda səhv olub və çox güman ki, komandamıza texniki məğlubiyyət veriləcək. Buna baxmayaraq, yaxşı mübarizə apardıq. Meydanın vəziyyətini də gördünüz. Bütün uşaqlara təşəkkür edirəm – ağır meydanda, ağır oyunda qələbə qazana bildik. Bizim üçün əsası qələbə idi, nəticə ilə bağlı hər şeyi kənara qoyuram.

– Bu durum sizi motivasiyadan sala bilərmi?

– Ümid edirəm ki, psixoloji cəhətdən təsir etməyəcək. Bu, həqiqətən ağır məsələdir. Yəqin ki, 2-3 günə bunu unudub, növbəti oyuna yeni düşüncə ilə hazırlaşacağıq.

– Bu məsələ haqqında nə vaxt xəbəriniz oldu?

– Mənim xəbərim İdris İnqilabli meydana daxil olanda oldu. O, protokolda səhv olduğunu bildirdi. Oyunun gedişində soruşdum, amma gərginlik çox idi, tam başa düşmədim. Fasilədə hər şeyi aydın izah etdi və oyundan sonra səhvin olduğunu anladım.

– Meydanın vəziyyəti narahatedici deyildi?

– Razıyam, bu, məni çox narahat edir. Oyundan əvvəl baş məşqçi və komanda ilə danışmışdıq ki, yağış getdikcə vəziyyəti çətinləşdirəcək. Hətta futbol adına çox az şey görünürdü.

– Quba Olimpiya İdman Kompleksinin stadionu ilə müqayisədə Şamaxı şəhər stadionunu seçərdiniz?

– Açıq deyim, Şamaxını seçərdim. Orada meydanda istədiyini yerinə yetirə bilirsən. Burada isə ayaqda qalmaq belə çətin idi.

– Sizə mükafat veriləcəkmi?

– Prezidentimiz Kamran Eyyubov oyuna gəldi, qələbəni çox istəyirdi. Mükafat barədə konkret söz demədi, amma bildirdi ki, hər şey yaxşı olacaq və heç kim həvəsdən düşməsin. Bu qələbə çox vacib idi, çünki növbəti oyunlarda nəyə qadir olduğumuzu göstərməliyik.

İdman.biz