Emiliano Martinez “Mançester Yunayted”ə keçəcəyini gözləsə də, bu, baş verməyib.
İdman.biz xəbər verir ki, "The Athletic"in məlumatına görə, “Aston Villa”nın qapıçısı bütün günü klubun bazasında zəng gözləsə də, Mançester klubundan onunla əlaqə saxlayan olmayıb.
Argentina millisinin üzvü “Mançester Yunayted”ə keçmək arzusunu gizlətməyib və klubun müdafiəçisi Lisandro Martinesdən rəhbərliklə bu barədə danışmasını xahiş edib.
Martinez iyun və iyul aylarında “Yunayted”in baş məşqçisi Ruben Amorimlə də əlaqə saxlayıb. Amorim dünya çempionu olan qapıçının xarakteri və təcrübəsinin komandaya faydalı olacağını düşünürdü.
Lakin “Mançester Yunayted” mövsümöncəsi hazırlıqlar başlamadan əvvəl rəsmi təklif göndərməyib. Daha sonra isə “Aston Villa” yalnız Martinezlə bağlı icarə təklifi ilə bağlı zəng alıb. Avqustun sonunadək bu məsələ ilə bağlı heç bir irəliləyiş olmayıb və nəticədə “Mançester Yunayted” Senne Lammenslə müqavilə bağlayıb.
Argentinalı qapıçı “Aston Villa”nın bazasını yalnız transfer pəncərəsinin bağlanmasına az qalmış tərk edib və milli komandaya qoşulmaq üçün yola düşüb.
İdman.biz