“Karvan-Yevlax”ın yeni transferlərindən olan Kayl Spensin Futbolinfo.az saytına müsahibəsi
- Təxminən 1 aydır ki, “Karvan-Yevlax”a qoşulmusunuz. Yeni klubunuza, kollektivə tam adaptasiya ola bilmisiniz?
- Yeni mühitə tədricən uyğunlaşıram. Düzdür, isti hava bir qədər çətinlik yaradır, amma yavaş-yavaş öyrəşirəm. Sevinərək deyə bilərəm ki, burada insanlar çox mehribandırlar və komanda yoldaşlarım yüksək peşəkarlıq göstərirlər. Bu da adaptasiya prosesini mənim üçün daha rahat edir. Komandaya töhfə verməyi və bu qədər istedadlı kollektivlə birgə inkişaf etməyi səbirsizliklə gözləyirəm.
- Yeni klubunuzda sizi müsbət mənada nə təəccübləndirdi?
- “Karvan-Yevlax”da məni müsbət mənada ən çox təəccübləndirən məqam klubun inkişaf miqyası və onun daşıdığı ambisiyadır. Agentlərim bu barədə əvvəldən danışmışdılar. Eyni zamanda, azarkeşlərin sarsılmaz dəstəyi olduqca ruhlandırıcıdır və motivasiyaedici bir mühit yaradır. Keçən mövsüm komandanın I Liqa oyunlarında ən çox azarkeşə sahib olması da təsiredici məqam idi. Bu mövsüm onları Premyer Liqada tribunada görmək üçün səbirsizlənirəm.
- “Karvan-Yevlax” uzun fasilədən sonra Azərbaycan Premyer Liqasında çıxış edəcək. Yəqin ki, bunun klub və azarkeşlər üçün hansı mənanı ifadə etdiyinin fərqindəsiniz. Sizcə, qayıdış uğurlu alınacaqmı?
- Bəli, inanıram ki, “Karvan-Yevlax”ın Azərbaycan Premyer Liqasına dönüşü çox uğurlu ola bilər. Yevlax təmsilçisi UEFA Kubokunda ilk təsnifat mərhələsini keçən ilk Azərbaycan komandası olub, bu, çox önəmli nailiyyətdir. Bu irs həm azarkeşlərdə, həm də komandada qürur və yüksək gözləntilər yaradır. Hər kəs birləşib uğur üçün çalışdığı təqdirdə, “Karvan-Yevlax”ın güclü və ilhamverici bir dönüş edəcəyinə inanıram.
- Avqustun 15-də çempionat start götürəcək və ilk turda “Qəbələ” ilə qarşılaşacaqsınız. Şansları necə dəyərləndirirsiniz?
- Bizdə həm keyfiyyət, həm də uğur qazanmaq əzmi var. Komandamız qələbəyə fokuslanıb və hər bir futbolçu meydanda əlindən gələnin ən yaxşısını etməyə hazırdır. Biz uduzmaq üçün oynamırıq – birlikdə mübarizə aparırıq və qalib gələcəyimizə inanırıq. Bacarığımıza güvənirik və hər şeyimizi ortaya qoymağa hazırıq.
- “Qəbələ”ni vaxtilə həmyerliniz, “Arsenal”ın əfsanəsi olmuş Toni Adamsın çalışdırdığını bilirsiniz?
- İlk növbədə onu deyim ki, mən “Arsenal” azarkeşiyəm və Toni Adams qəhrəmanlarımdan biridir. Danone Kuboku zamanı maşınını saxlayıb mənimlə salamlaşdığı və birlikdə şəkil çəkdirdiyimiz o anı heç vaxt unutmaram – çox mehriban və səmimi insandır. Əminəm ki, onun “Qəbələ”dəki fəaliyyəti klubda müsbət və uzunmüddətli təsir yaradıb. O, meydanda da, meydandan kənarda da əsl nümunədir. İndi gülməli gəlir – 9 yaşımda ilk dəfə Adamsı görərkən heç ağlıma gəlməzdi ki, bir gün hər ikimizin yolu Azərbaycandan keçəcək.
- Hər kəs Azərbaycan çempionatının yeni mövsümünün daha rəqabətli keçəcəyini proqnozlaşdırır. Bu məqam sizə əlavə motivasiya verir?
- Tamamilə razıyam, daha rəqabətli bir mövsüm motivasiyanı artırır. Əmin ola bilərsiniz ki, kollektiv üzvləri bir-birini daha yaxşı tanıdıqca və komandanın kimyası formalaşdıqca bizi izləmək çox maraqlı olacaq. Biz hər xala görə sonadək mübarizə aparmağa və bu mövsümü yaddaqalan etməyə hazırıq.
İdman.biz