Ukraynalı mərkəz müdafiəçisi İlya Zabarnı bonuslar da nəzərə alınmaqla 67 milyon avro qarşılığında “Bornmut”dan PSJ-yə keçib.
İdman.biz xəbər verir ki, 22 yaşlı futbolçu Paris klubu ilə 2030-cu ilə kimi müqavilə bağlayıb.
Amma o, UEFA Superkuboku uğrunda “Tottenhem”lə qarşılaşma üçün PSJ-nin heyətində yer almayacaq.
Bu matçda həmçinin diskvalifikasiya olunan Joao Neveş də oynamayacaq.
Gedişi gündəmdə olan qapıçı Cianluici Donnarumma da PSJ-nin iştirak ərizəsinə daxil edilməyib. Komandanın yeni üzvü, qapıçı Luka Şevalye oyuna aparılacaq və ehtimal ki, start heyətində yer alacaq. İştirak ərizəsinə daxil edilən rusiyalı Matvey Safonov isə ehtiyatda qalacaq.
Qeyd edək ki, avqustun 13-də İtaliyanın Udine şəhərində UEFA Superkuboku uğrunda keçiriləcək PSJ və “Tottenhem” komandalarının qarşılaşması Bakı vaxtilə saat 23:00-da başlayacaq.
İdman.biz