Azərbaycanlı döyüşçü 2026-cı ildə UFC ilə müqavilə bağlaya biləcək namizədlər siyahısına daxil edilib - İDMAN.BİZ-İN İCMALI

Təhlil
15 Yanvar 2026 14:31
109
Azərbaycanlı döyüşçü 2026-cı ildə UFC ilə müqavilə bağlaya biləcək namizədlər siyahısına daxil edilib - İDMAN.BİZ-İN İCMALI

Azərbaycanlı qarışıq döyüş növləri (MMA) təmsilçisi Asəf Çopurov ixtisaslaşmış "Combat Press" nəşrinin versiyasına görə 2026-cı ildə UFC-nin (Mütləq Döyüş Çempionatı) heyətinə cəlb etməli olduğu döyüşçülər siyahısına daxil edilib.

İdman.Biz xəbər verir ki, azərbaycanlı idmançı müəlliflərin onun yüksək potensialını və sabit inkişafını xüsusi vurğuladığı materialda yer alıb.

Məqalədə qeyd olunur ki, 23 yaşlı Çopurov artıq ikinci ildir ki, analoji siyahıya düşür ki, bu da regional arenada perspektivli döyüşçüləri izləyən mütəxəssislər arasında onun möhkəm reputasiyasından xəbər verir.

Yazıda Çopurovun güclü güləş bazasına, döyüşləri təslim etmə fəndi ilə başa vurmaq bacarığına, eləcə də dayaqda nəzərəçarpacaq inkişafına xüsusi diqqət yetirilir. Həmçinin döyüşçünün məğlubiyyətsiz keçirdiyi uğurlu 2025-ci il ayrıca vurğulanır. Həmin mövsümdə Çopurov “UAE Warriors” təşkilatının çempionluq kəmərini qazanıb və karyerasının əsas qələbələrindən birini EFC-nin(Eagle Fighting Championship) sabiq çempionu Demarte Penya üzərində əldə edib. Məqalə müəllifləri Asəf Çopurovu divizionun ən perspektivli döyüşçülərindən biri adlandırır və gələcəkdə onun UFC tituluna iddia edə biləcəyini istisna etmirlər.

“Combat Press”in versiyasına görə namizədlər siyahısına aşağıdakı döyüşçülər də daxil edilib:

Mitçell Makki (ABŞ) - möhkəm restlinq(peşəkar güləş) bazasına malik dominant güləşçi, dayaqda nəzərəçarpacaq irəliləyiş göstərən və 2025-ci ildə uğurla çıxış edən idmançı.Rodriqo Vera (Peru) - güclü nokaut və təslim etmə göstəricilərinə malik perspektivi, 2025-ci ildə stabil çıxış edərək güclü rəqiblərə qalib gələn döyüşçü.

Əbubəkr Yunussov (Fransa) - parlaq boğucu və nokaut qələbələri, eləcə də baxımlı üslubu ilə seçilən məğlubedilməz fransız perspektivi.Camaləddin Əliyev (Rusiya/Türkiyə) - güclü güləş və zərbə texnikasına malik məğlubedilməz döyüşçü, 2026-cı il üçün iddialılar siyahısına daxil edilib.

Xatırladaq ki, hazırda Azərbaycan UFC-də üç döyüşçü ilə təmsil olunur - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev. Musayev indiyədək UFC-də bir döyüş keçirib və ötən ilin yayında Bakıda məğlub olub, Sadıxov 2025-ci ilin sonunda fransalı Fares Ziamaya uduzub. Rafael Fiziyev isə hazırda braziliyalı Maurisio Ruffi ilə döyüşə hazırlaşır. Qarşılaşma fevralın 1-də Sidneydə (Avstraliya) UFC 325 turniri çərçivəsində baş tutacaq.

İdman.Biz