Azərbaycanın qarışıq döyüş növləri (MMA) üzrə təmsilçisi Fərman Həsənov ABŞ-nin Las-Veqas şəhərində keçirilən “UFC Fight Night 292” turnirində peşəkar karyerasının ilk məğlubiyyətini alıb.
İdman.Biz xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan 31 yaşlı idmançı ABŞ-li Jan-Pol Lebosnoyana texniki nokautla uduzub.
Üçüncü raundun 2-ci dəqiqə 11-ci saniyəsində referi həkimin tövsiyəsi ilə döyüşü dayandırıb. Buna Həsənovun sol gözü ətrafında yaranan ciddi kəsik səbəb olub.
İlk raundda fəal mübarizə aparan Azərbaycan təmsilçisi rəqibini yerə yıxmağa nail olub. Lakin sonradan təşəbbüsü ələ keçirən Lebosnoyan ayaq və əl zərbələri ilə üstünlük qazanıb. İkinci raundda Həsənovun üzündən zədə almasına baxmayaraq, döyüş davam edib. Üçüncü raundda isə həkim onun qarşılaşmanı davam etdirməsinə icazə verməyib.

Bu, Fərman Həsənovun UFC-də ikinci döyüşü olub. O, iyunun 27-də Bakıda keçirilən turnirdə ABŞ-li Erik Nolanı hakimlərin yekdil qərarı ilə məğlub edərək təşkilatda uğurlu debüt edib.
Beləliklə, azərbaycanlı döyüşçünün altı görüşlük qələbə seriyası başa çatıb. Onun peşəkar karyerasındakı göstəricisi altı qələbə və bir məğlubiyyətdir.
