Şon Bredi Qabriel Bonfimlə döyüşünün ləğvinin səbəbini açıqlayıb

30 Oktyabr 2026 14:57
71
Şon Bredi Qabriel Bonfimlə döyüşünün ləğvinin səbəbini açıqlayıb

ABŞ-li MMA döyüşçüsü Şon Bredi Qabriel Bonfimlə qarşılaşmasının ləğv edilməsinə səbəb olan zədə barədə danışıb.

İdman.Biz xəbər verir ki, yarımorta çəki dərəcəsində çıxış edən idmançının sözlərinə görə, dizində yaranan problem səbəbindən son bir neçə günü xəstəxanada keçirib.

Bredi bildirib ki, ötən həftənin çərşənbə axşamı səhər məşqində heç bir problem yaşamayıb. Axşam ikinci məşqə hazırlaşarkən velotrenajorda çalışıb. Bundan sonra dizində şişkinlik yaranıb və axşam saat 21:00-da artıq çətinliklə yeriyə bilib.

Döyüşçü ertəsi gün səhər problemin səbəbini anladığını bildirib. Əvvəllər bursitdən əziyyət çəkdiyini xatırladan Bredi bu dəfə problemin həmin xəstəlik deyil, infeksiya olduğunu düşündüyünü deyib.

O, iki gün əvvəl xəstəxanaya müraciət edib və ona antibiotiklər venadaxili yolla verilib.

Qeyd edək ki, Bredi ilə Bonfim arasında döyüşün Las-Veqasda keçirilməsi planlaşdırılan UFC-nin "Fight Night 293" turnirinin əsas qarşılaşması olması nəzərdə tutulurdu. Turnirə bir həftə qalmış görüş ləğv edilib.

İdman.Biz