Erməniəsilli ABŞ-li UFC döyüşçüsü Jan-Pol Lebosnoyani oktyabrın 31-də Las-Veqasda keçiriləcək UFC Fight Night turnirində azərbaycanlı Fərman Həsənovla qarşılaşacaq. O, döyüşün çətin keçəcəyini, lakin hakimlərin yekdil olmayan qərarı ilə qələbə qazanacağını düşünür.
İdman.Biz xəbər verir ki, Lebosnoyani qarşıdakı döyüşlə bağlı jurnalistlərə açıqlamasında belə deyib.
O, Fərman Həsənovla döyüşmək təklifinə reaksiyasından danışıb və rəqibinin güclü tərəflərini dəyərləndirib.
“Reaksiyam həmişə eynidir - "bəli". Farmanın döyüşlərinə baxanda və onun bacarıqlarını görəndə çox güclü güləşçi olduğunu anlayırsan. Onun çıxışları məni heyran etdi. O, rəqib üçün təhlükəli ola biləcək partlayıcı gücə malikdir. Hazırlıq zamanı həm onun güclü tərəflərinə, həm də öz bacarıqlarıma xüsusi diqqət yetirdik”, - döyüşçü bildirib.
Amerikalı idmançı özü də güləşdə böyük təcrübəyə malik olduğunu vurğulayıb. Onun fikrincə, universallıq və təcrübə baxımından rəqibindən üstündür. Buna görə də qarşıdakı döyüşdə məğlubiyyət onun üçün ciddi uğursuzluq olardı.
“Bütün həyatım boyu qrapplinqlə məşğul olmuşam, buna görə də parterdəki bacarıqlarıma güvənirəm. Uzun illərdir zərbə texnikası üzərində də işləyirəm və ayaqüstü döyüşdə özümü inamlı hiss edirəm. Daha universal döyüşçü olduğum üçün itirəcəyim çox şey var. Fərman peşəkar karyerasının başlanğıcındadır, amma bu, onun zəif döyüşçü olduğu demək deyil. O, UFC-yə təsadüfən düşməyib və bu döyüş də səbəbsiz təşkil olunmayıb. Açığı, qarşılaşmanı səbirsizliklə gözləyirəm. Görək, döyüş necə alınacaq”, - Lebosnoyani qeyd edib.
Sonda döyüşçü ili məğlubiyyətsiz başa vurmaq istədiyini bildirib.
“İli 3 qələbə və 0 məğlubiyyətlə başa vurmağı çox istəyirəm. Düşünürəm ki, bu il əsas məqsədim məğlubiyyətsiz qalmaq olub. Şənbə günü hər şey yaxşı getsə, üç qələbə ilə ili başa vurmaq, sağlam qalmaq, ilin qalan aylarında bir qədər dincəlmək və 2027-ci ilə yeni qüvvə ilə başlamaq istəyirəm”.
