Azərbaycanlı MMA döyüşçüsü Tacikistandakı turnirdə rusiyalı idmançı ilə qarşılaşacaq

27 Oktyabr 2026 10:44
125
Azərbaycanlı MMA döyüşçüsü Tacikistandakı turnirdə rusiyalı idmançı ilə qarşılaşacaq

Azərbaycanlı qarışıq döyüş növləri (MMA) üzrə idmançı Tural Rəhimov oktyabrın 30-da Tacikistanın Düşənbə şəhərində keçiriləcək “ACA 209” turnirində iştirak edəcək.

İdman.Biz-in məlumatına görə, 38 yaşlı idmançının rəqibi Rusiyanı təmsil edən Naşxo Qalayev olacaq. Döyüş ilkin döyüşlər proqramı çərçivəsində yarım yüngül çəki dərəcəsində (65,8 kq-dək) keçiriləcək.

Rəhimovun peşəkar karyerasında 22 qələbə və 10 məğlubiyyət var. Onun 34 yaşlı rəqibi isə 13 qələbə qazanıb və 10 dəfə məğlub olub.

Qeyd edək ki, Rəhimov daha əvvəl Yaponiyanın Rizin promouşeninin turnirlərində, o cümlədən Bakıda keçirilən yarışda iştirak edib. O, həmçinin ACA turnirlərində çıxış təcrübəsinə malikdir.

"ACA 209" turniri təşkilatın 11 illik fasilədən sonra Tacikistana qayıdışını qeyd edəcək. Ümumilikdə 17 döyüşün keçirilməsi planlaşdırılır. Gecənin əsas qarşılaşmasında Tacikistan təmsilçisi Fəridun Odilov orta çəki dərəcəsində rusiyalı Artyom Frolovla üz-üzə gələcək.

İdman.Biz