Həbibin məşqçisi: “Castin Qetci - Topuriya döyüşünü Makqreqorla qarşılaşmadan çox izlədim”

27 Oktyabr 2026 10:23
149
Həbibin məşqçisi: “Castin Qetci - Topuriya döyüşünü Makqreqorla qarşılaşmadan çox izlədim”

UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədovun məşqçisi Xavyer Mendes Castin Qetci ilə İliya Topuriya arasında keçirilən titul döyüşü barədə maraqlı açıqlama verib.

İdman.Biz “Sherdog” nəşrinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis həmin qarşılaşmanı artıq doqquz dəfə izlədiyini bildirib. Müqayisə üçün Mendes Həbib Nurməhəmmədovun Konor Makqreqor üzərində qələbə qazandığı döyüşə cəmi üç dəfə baxdığını vurğulayıb.

“Bu döyüşü artıq doqquz dəfə izləmişəm. İlk saniyələrdən son ana qədər mübarizə qarşılıqlı üstünlüklə davam edirdi. Heç kim məni bunun birtərəfli döyüş olduğuna inandıra bilməz. MMA tarixində belə qarşılıqlı mübarizəni nə vaxt görmüsünüz? Heç vaxt”, - deyə Mendes “Submission Radio”ya açıqlamasında bildirib.

Xatırladaq ki, Qetci və Topuriya 2026-cı ilin iyununda Ağ Evdə təşkil edilən “UFC Freedom 250” turnirinin əsas döyüşündə üz-üzə gəliblər. İlk raunddan sonra Topuriya ikinci raundda rəqibini nokauta salmağa və təslim olmağa məcbur etməyə yaxın olub. Lakin Qetci müqavimət göstərərək növbəti iki raundda təşəbbüsü ələ keçirib.

Dördüncü raunddan sonra Topuriyanın məşqçiləri döyüşün dayandırılmasına qərar veriblər. Nəticədə Qetci texniki nokautla qalib gələrək UFC-nin yüngül çəkidə çempionluq kəmərini qazanıb.

İdman.Biz