Azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov noyabrın 28-də ABŞ-ın Nyu-York şəhərində keçiriləcək “THE KAGE: Chapter 01” adlı MMA şousunda iştirak edəcək.
İdman.Biz xəbər verir ki, təmsilçimiz tədbirə xüsusi qonaq qismində dəvət olunub. Sadıxov bu dəfə oktaqona döyüşmək üçün çıxmayacaq. O, qarşılaşmaları şərh edəcək, həmçinin titul döyüşlərindən birinin qalibinə çempionluq kəmərini şəxsən təqdim edəcək.
Tədbir Nyu-Yorkda tarixi “Bowery Savings Bank” binasında yerləşən “Capitale” kompleksində təşkil olunacaq. Maraqlıdır ki, təşkilatçıların sözlərinə görə, Sadıxov UFC-də peşəkar karyerasına başlamazdan əvvəl də bu məkanda döyüşüb. İndi isə həmin arenaya UFC döyüşçüsü statusunda qayıdacaq.
“THE KAGE: Chapter 01” şousunun proqramına qarışıq döyüş növləri üzrə qarşılaşmalarla yanaşı, musiqi çıxışları da daxildir. Tədbirə yalnız 21 yaşdan yuxarı şəxslər buraxılacaq.
Qeyd edək ki, 29 yaşlı Nazim Sadıxov UFC-nin yüngül çəki dərəcəsində mübarizə aparır. Onun peşəkar MMA karyerasında 11 qələbə, üç məğlubiyyət və bir heç-heçə var.
