Vojislav Stankoviç: “Samir Abasovun “Neftçi”si yenə çempionluq uğrunda mübarizə aparacaq”

Xəbərlər
11 İyul 2025 17:25
73
Vojislav Stankoviç: “Samir Abasovun “Neftçi”si yenə çempionluq uğrunda mübarizə aparacaq”

“Samir Abasov Azərbaycanın ən yaxşı məşqçilərindən biridir. Ötən mövsüm komandaya sonradan qoşuldu. İkinci ilində istədiyi transferləri reallaşdırıb, komandanı gücləndirəcək”.

İdman.biz xəbər verir ki, bu sözləri Futbolxeber.az-a açıqlamasında “Neftçi”nin sabiq müdafiəçisi Vojislav Stankoviç deyib.

O, keçmiş komandasının yaxşı nəticələr qazanmasını arzuladığını bildirib: “Yeni mövsümdə Samir Abasova və “Neftçi”yə uğurlar arzulayıram. Çox istərdim ki, komanda yaxşı nəticələr qazansın. “Neftçi” çempionluq uğrunda mübarizə aparmalıdır”.

Stankoviç qeyd edib ki, yeni transferlər komandanı gücləndirəcək: “Bilirəm ki, artıq yay fasiləsində heyətə bir neçə yeni futbolçu cəlb olunub. Onlar komandaya kömək olacaqlar. Samir Abasov möhkəm komanda quracaq və çempionluq uğrunda mübarizə apacaq. Bunun öhdəsindən gəlib-gəlməyəcəyini birgə görəcəyik. Çox istərdim ki, “Neftçi” bunu bacarsın və yenidən çempion olsun”.

Qeyd edək ki, Vojislav Stankoviç 2021-ci ildə “Neftçi” ilə birgə çempion olub.

İdman.biz