Argentina millisinin hücumçusu Leonel Messinin 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında geyindiyi formaları Nyu-Yorkda hərraca çıxarılacaq.
İdman.biz xəbər verir ki, əldə olunan gəlirin bir hissəsi xeyriyyə işlərinə sərf olunacaq.
Messinin ümumilikdə 6 formasının hərracda satılması gözlənilir. Bunlar Fransa ilə finalın ilk hissəsində, Xorvatiya ilə yarımfinalda, Niderlandla 1/4 finalda, Avstraliya ilə 1/8 finaldan və qrup mərhələsinin 2 matçında geyinilən formalardır.
Ən azı 10 milyon dollar dəyərində olduğu təxmin edilən formalar idman xatirə əşyalarının ən yüksək satış qiymətinə görə rekord qıra bilər. İndiyədək ən bahalı satılan (8,1 milyon funt) basketbolçu Maykl Cordanın "Çikaqo Bulls" klubunda geyindiyi formadır.
Qeyd edək ki, 2022-ci il dünya çempionatının final görüşündə Argentina Fransa ilə bərabərə (3:3) qalıb. Penaltilərdən Missinin komandası qalib (4:2) ayrılıb.
İdman.biz