Tural Piriyev: "Xarici şirkətləri də klub sponsorluğuna cəlb etmək istəyirik" - MÜSAHİBƏ

Müsahibə
30 İyun 2025 10:38
44
Tural Piriyev: "Xarici şirkətləri də klub sponsorluğuna cəlb etmək istəyirik" - MÜSAHİBƏ

Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyevin Teleqraf-a müsahibəsi

⁠- FİF-ın yaradılmasını futbol ictimaiyyəti necə qarşılayıb, fəaliyyətiniz xüsusən bölgələrdə bu idman növü ətrafında ajiotajın artmasına səbəb olubmu?

- İctimaiyyətin adından danışmaq düzgün olmaz. Adi şəxslərdən tutmuş idman sahəsi, dövlət qurumlarında olan şəxslərədək söhbətlərimiz olub. Xoş fikirlər bildiriblər. Təbii ki, mənfi fikirdə olanlar da var. Belə qurumun fəaliyyəti ilə bağlı hər il sorğular keçiririk. Son üç ildə ajiotaj artıma doğru gedir. Orada qiymətləndirmə balı var. Tam xatırlamıram. Başlayanda 6-7-dən yuxarı olub, arta-arta da gedir. Ajiotajın artımına, məncə, təsir elədi. Futbolda yeni oyunçu oldu. Region futbolu ilə bağlı əlavə oyunçu gəldi. Düşünürəm ki, təsiri oldu.

- Əlavə oyunçu deyəndə, siz bunu qurum mənasında deyirsiniz?

- Bəli, qurum olaraq nəzərdə tuturam.

- Ümumi iradlar, qeydlər nə yerdədir? İctimaiyyətlə keçirilən görüşlərdə əsas iradlar nə yöndədir?

- Müsbət fikirlər daha çoxdur. Üzbəüz ancaq müsbət sözlər deyilir (gülür - red.). Mənfini üzümüzə demirlər. Yaxşı fikirlər çox olub. Tovuzda, Zaqatalada, Mingəçevirdə azarkeşlər yaxınlaşıb təşəkkür edib. Bilirsiniz, biz Premyer Liqa, I Liqa, II Liqanı əhatə edirik. Məsələn, Region Liqası klubları var ki, biz onlarla əməkdaşlıq etmirik. Deyirlər ki, niyə bizim kluba kömək etmir, niyə əməkdaşlıq etmirsiniz. Bu kimi iradlar var. Bakı klubları ilə də işləmirik. Aşağı liqada paytaxtdan olan klublar tərəfindən istək və irad var ki, onlara dəstək göstərmirik. Əlimizdə olan resurs, büdcəmiz də göz qabağındadır. Komandamız elə də böyük deyil. Haradasa 24-dək region komandası var. Onların hamısını əhatə edə bilmirik. Fərdi əməkdaşlıq etdiyimiz klublar var, sayları artır, amma hamısı deyil. Onlara başqa yolla istiqamətləndiririk. Seminarlar edir, strateji inkişaf, marketinq, kommunikasiya və gəlir olaraq yönləndiririk.

- Əsas kapital Bakıda cəmləşib, amma rayonlarda da imkanlı və biznesini orada quran şəxslər var. Dövlət bir Premyer Liqa klubunu saxlamaq üçün 3 milyon manat ayırır. Bəs bölgələrdə 3 milyonu olan neçə nəfər var?

- Çox adam var. Amma şərt deyil ki, bölgədən olsun. Biz hər hansı bölgəni götürüb oraya sponsor cəlb etməyə çalışarkən araşdırırıq. Həmin bölgədə fəaliyyət göstərən və ya oradan olan sahibkarları öyrənirik. Təbii ki, çoxu Bakıda olur, xaricdə yaşayanlar da var. Potensial sponsor var ya yoxdur, bundan söhbət getmir. Söhbət ondan gedir ki, biz nə təklif edirik. Hazırda məhsulumuz Qərbi Avropa futbolu ilə müqayisə etdikdə çox zəifdir. Məhsulumuzu inkişaf etdirməliyik ki, gələn sponsorun bir çox motivi olsun.

- Hazırda motiv nədir?

- Bölgəyə bağlılıq, fədakarlıq. Biznes marağı yoxdur. Bu, elə bir sahədir ki, "ildə 3 milyon xərcləsən, iki qatı geri qayıdacaq" deyə bilmirik. Məhsulumuz o qədər zəifdir.

- Necə hesab edirsiniz, bu məsələdə inzibati amillər rol oynaya bilərmi? Sanki biznesmenlər gözləyir ki, kimsə onlara tapşırıq versin, bundan sonra nə isə etsinlər...

- Bilmirəm… O nə qədər davam edə bilər ki?! Təbii ki, müvəqqətidir. Biznesmendir, əziyyətlə pul qazanır. Orada onun özünün marağı olmalıdır ki, yatırım etsin. İnzibati yolla 3-5 il təsir etmək olar, amma nə qədər davam edəcək ki?!

- Biz bunun acı nəticələrinin görmüşük. Cibdən pul xərcləyən adamlar çox da davam edə bilməyib. Düzdür, çempion da olublar, amma onlar hazırda fəaliyyət göstərmirlər…

- Dayanıqlılıq məsələsidir. Bizdə əsas mövzu nədir? Elə dövr olub ki, güclü klublarımız olub, hər birinin arxasında əsasən bir imkanlı sahibkar dayanıb. O da sponsor yox, klubun sahibi olub. Digər tərəfdən, dayanıqlılıq mövzusunda gəlir kanallarının artırılmasına diqqət ayrılmayıb. Sonda da adamın ya maddi gücü azalanda, yaxud hər hansı problemi ortaya çıxanda klub ortada qalıb.

- Bu klublara davamlı olaraq pul xərclənməsi üçün nə lazımdır və potensial investorları maraqlandıran nədir?

- Dünya futbolunda səbəblər çoxdur. Ölkə futbolundan götürsək, motivlər o qədər də çox deyil. Biz adətən standart motivlə getmirik. Hər hansı fikir olmalıdır. Biznesmen olduğu üçün bizdən daha yaxşı bilir ki, ona nə faydası ola bilər. Çalışırıq ki, əməkdaşlığı bunun üzərindən quraq. Bölgəyə bağlılıq birinci addımdır, region futbolu olduğu üçün. İlk olaraq, siyahı hazırlayırıq ki, kimlər var, əsli oradan olanlar kimlərdir, kimlər o bölgədən pul qazanırlar, hansı şirkətləri mövcuddur? Çalışırıq ki, birinci onlarla danışaq.

- RDC şirkətinin İmişli, ASTA-nın Mingəçevirlə hansı bağlılığı var?

- Bunlar fərqli səbəblərlə əlaqədardır. "Huner Group"un "Turan Tovuz"a baş sponsorluğunda şirkət rəhbəri Ehtiram Quliyevin bölgəyə bağlılığı daha çox rol oynamışdısa, RDC məsələsində futbol biznesinin inkişaf etdirilməsi, bu sahədən pul qazanmağın mümkünlüyünə olan inam daha çoxdur. ASTA isə artıq futbol sahəsində fəaliyyət göstərirdi, orada uşaq futbolu var idi, İspaniyada "Marcet" Futbol Akademiyasına oyunçular göndərirdilər. Onlar daha çox klub futbolunun inkişafı, bölgənin perspektivindən istifadədə maraqlıdırlar.

- Potensial investorlar yalnız Premyer Liqaya vəsait ayırmaq istəyirlər, yoxsa I Liqa və II Liqa klublarına da sponsorluq etmək istəyənlər var? Yəni, onların ayırdıqları vəsaitin həcmi hansı liqanın klublarını saxlamağa imkan verir?

- Biz ilk növbədə, bölgədəki sahibkarları nəzərdən keçirdiyimizdən, orada yalnız bir, istisna hallarda iki klub fəaliyyət göstərir. Premyer Liqanın da, aşağı liqaların da öz üstünlükləri ilə yanaşı, fərqli məbləğdə xərcləri var. Premyer Liqa klubunun büdcəsi böyükdür, aşağı liqalar isə daha əlçatandır. Daha çox tərəfdaşlıq I Liqa klubları ilə qurulub. Premyer Liqada yalnız "Turan Tovuz"a baş sponsor tapa bilmişik, "Kəpəz" və "Şamaxı" üçün bunu edə bilməmişik. Belə görünür ki, aşağı liqa klubları daha əlçatandır. Lakin imzaladığımız sponsorluq müqavilələri ölkədəki sahibkarların, potensial sponsorların göstəricisi deyil. Bunlar bizim edə bildiklərimizdir. O demək deyil ki, orada potensial aşağıdır. Ola bilsin, bizim məhsulumuz zəifdir, biz o insanlara çıxa bilmirik.

- Potensial sponsorlardan biri də iri ticarət mərkəzləri, avtomobil satışı mərkəzləridir. Onlarla danışıqlar aparmısınız?

- Konkret sfera və ya şirkət adı çəkməyim düzgün olmaz. Amma çalışırıq ki, biznes sahəsindən asılı olmayaraq, ilk növbədə, hər hansı regiondan olan sahibkarlar olsun. İkincisi isə Bakıda və ya hansısa regionda olan sahibkarlarla danışıqlar aparaq. Onları da kateqoriyalara bölmüşük. Aralarında top-şirkətlər də var. Çalışırıq ki, maksimum əhatə edək.

- FİF Himayəçilər Şurasının üzvləri sizə danışıqlarda nə dərəcədə dəstək olurlar?

- Himayəçilər Şurasının əsas öhdəliyi bizim ümumi inkişaf strategiyamızın qurulması, strateji istiqamətlərimizin müəyyən olunması, hesabatlara baxılması, tövsiyələrin verilməsindən ibarətdir. Orada olan şəxslərdən kimdəsə imkanlar çoxdur, kimdəsə azdır. Amma elə bir nümunə yoxdur ki, kimdənsə nə isə istəyək, o isə bacardığı köməyi göstərməsin. Yəni, maksimum aktivdirlər. Düzdür, üzdə daha çox mən görünürəm, amma onların arxada işləri, dəstəyi həqiqətən çoxdur.

- Yəni, elə bir fakt varmı ki, onlardan kimsə danışıqlarda vasitəçilik etsin?

- Danışıqlarda da, sponsorların cəlb olunmasında da vasitəçilikləri var. Regionlarda görüşlərdə də olurlar. Sonu imzalanma ilə bitməyən o qədər danışıqlarımız olur, onların aparılmasında, tədbirlərin təşkilində hamısının çox yaxından dəstəyi olur.

- Xaricdə yaşayan azərbaycanlı iş adamlarına klublara sponsorluqla bağlı müraciət etmisiniz?

- ⁠Bəli, maksimum çalışırıq. Rusiyada və digər ölkələrdə olan azərbaycanlılar var. Regionlara gedib siyahını hazırlayarkən, bilirik ki, oradan olan potensial sponsorlar kimlərdir. Fərq etmir, ölkədə və ya xaricdə yaşasın, görüşdüyümüz və əlaqəyə keçdiyimiz, danışa bilmədiyimiz şəxslər olub. Onlarla yanaşı, MCO-lar (Multy Club Owners - red.) var. Biz son bir ildə bu mövzunun üzərinə düşmüşük. Kiçik MCO-lar var, fərqli yerlərdə və ya bölgələrdə klublar alırlar. Məsələn, Türkiyənin “Göztəpə” klubunun rəhbəri də elədir. Onu araşdırırıq ki, o şirkətlərdə bizim bazara necə maraq yaratmaq olar. İş adamları ilə yanaşı, xarici şirkətləri də prosesə cəlb etmək istəyirik.

- Bu yaxınlarda belə xəbər yayıldı ki, Rusiyanın “Ximki” klubunun azərbaycanlı iş adamı Tufan Sadıqov Türkiyənin ikinci liqada çıxış edən “Serik Belediyespor”un səhmlərinin yarısını alıb...

- ⁠Sırf həmin şəxslə danışığımız olmayıb. Daha əvvəl “Lerik” klubu ilə bağlı cəhdimiz olub. Ola bilər, bölgəni səhv deyirəm. “Lerik”də vəziyyət yaxşı deyildi, təcili nə isə etmək lazım idi.

- ⁠Onun cavabı nə olmuşdu?

- ⁠Cəhdimiz olsa da, danışa bilməmişdik.

- ⁠Belə çıxır, marağı olsaydı, danışardı…

- ⁠Bəlkə də biz ona düz yolla çıxmamışıq (gülür - red).

- ⁠Bölgə jurnalistlərinin həmin regiondakı futbol oyunlarını işıqlandırması yönündə təlimlər təşkil etmək və ya başqa layihə nəzərdə tutulubmu?

- Vaxtilə bölgələrdə komanda sayı az olduğundan, futbola jurnalist marağı indiki kimi çox deyildi. Peşəkar Futbol Liqasının bölgə layihəsindən sonra isə regionlara gedən jurnalistlərin sayı artdı. Düzdür, burada media ilə əlaqəli işlərin daha çoxunu AFFA və PFL görür. ⁠Amma nəzərə alaq ki, indi jurnalistlər maraq göstərir. Buna görə, bu yöndə nə isə düşünmək olar. Son bir neçə ayda media işçilərinin bölgə klubları ilə bağlı çoxlu fəaliyyəti oldu, yazılar çoxaldı. Ağstafa, Qazax və bir neçə başqa bölgələrdən reportajlar hazırlandı. Təbii ki, bu bizim üçün vacibdir. Onun işimizə faydasını başa düşürük. Ona görə bunu nəzərdən keçirmək olar.

- Bölgələrdə media qurumlarının ezam olunmuş işçilərinin idmana cəlb olunması yönündə hazırlıq məqsədilə təlimlər təşkil etmək olarmı?

- Doğrudur. Bu cür təlimlər əslində böyük maliyyə də tələb etmir. Biz onu AFFA ilə müzakirə edib, birlikdə iş görə bilərik.

İdman.biz