Karrik “Mançester Yunayted”dəki təzyiqə Simeoneni nümunə göstərərək cavab verib

13 Oktyabr 2026 08:13
84
Karrik “Mançester Yunayted”dəki təzyiqə Simeoneni nümunə göstərərək cavab verib

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik komandanın uğursuz mövsüm başlanğıcı fonunda üzləşdiyi təzyiqlərdən danışıb və “Atletiko”nun çalışdırıcısı Dieqo Simeoneni nümunə göstərib.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis Çempionlar Liqasında Madrid təmsilçisi ilə keçiriləcək qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında çətinliklərin öhdəsindən gəlməyin vacibliyini vurğulayıb.

“Burada uzun illərdir çalışan bir məşqçi var. Əminəm ki, onun da işlərin planlaşdırıldığı kimi getmədiyi dövrləri olub. Onlar böyük uğurlar qazanıblar, çempion olublar, Çempionlar Liqasının həlledici mərhələlərinə yüksəliblər. Amma hər şeyin istənilən kimi getmədiyi vaxtlar da yaşanıb.

Başa düşürəm ki, nəticələr yaxşı olmayanda böyük narazılıq yaranır, hər şeyin fəlakət olduğu və tamamilə dəyişdirilməli olduğu düşünülür. Amma mən belə düşünmürəm.

Nəyəsə nail olmaq üçün çətinliklərlə mübarizə aparmağı və onları dəf etməyi bacarmalısan. Bu, prosesin bir hissəsidir. Futbolçu karyeram boyunca da belə vəziyyətlərlə üzləşmişəm.

İşlərin yaxşı getmədiyi bu dövrü sevirəm. Çünki məhz belə vaxtlarda kimin həqiqətən sənin yanında olduğunu görürsən. Futbolçuların, komandanın və klubun daxilində kimin uzunmüddətli perspektivdə burada qalmaq istədiyi, kimin bu kluba həqiqətən bağlı olduğu üzə çıxır”, - deyə Karrik bildirib.

Qeyd edək ki, ötən mövsümün ikinci yarısında “Mançester Yunayted” Karrikin rəhbərliyi altında Premyer Liqada keçirdiyi 17 oyunun 12-də qalib gələrək Çempionlar Liqasına vəsiqə qazanıb. Lakin cari mövsümdə komanda bütün turnirlərdə keçirdiyi səkkiz qarşılaşmanın yalnız ikisində qələbə əldə edib və son 40 ilin ən uğursuz çempionat startını gerçəkləşdirib.

İdman.Biz