Spalletti “Kalyari”nin futbolçusunu qeyri-idman hərəkətlərində ittiham edib

13 Oktyabr 2026 06:16
106
Spalletti “Kalyari”nin futbolçusunu qeyri-idman hərəkətlərində ittiham edib

Turinin “Yuventus” klubunun baş məşqçisi Luçano Spalletti İtaliya çempionatında “Kalyari” ilə keçirilən son oyundan sonra rəqib komandanın futbolçusu Yerri Minanın davranışını tənqid edib.

İdman.Biz TMW-yə istinadən xəbər verir ki, italiyalı mütəxəssis kolumbiyalı futbolçunu qeyri-idman hərəkətlərində ittiham edərək hakimlərin belə epizodlara daha ciddi reaksiya verməsinin vacibliyini vurğulayıb.

“Ötən il olduğu kimi, bu dəfə də güclü futbolçu olmasından istifadə edərək davranışları ilə bizi bir qədər ələ salır. Bəzi vəziyyətlərdə hakimlər bizi daha yaxşı qorumalıdırlar”, - deyə Spalletti bildirib.

Minanın baş məşqçinin tənqidinə reaksiyası isə gözlənilməz olub. Kolumbiyalı müdafiəçi mübahisəyə girmək əvəzinə, vəziyyətə fərqli münasibət göstərib.

“Mən öz futbolumu oynayıram. Spallettiyə dedim ki, səni sevirəm, məşqçi”, - deyə Mina açıqlama verib.

“La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, 32 yaşlı müdafiəçi uzun müddətdir rəqiblərini təxribata çəkməsi və onları psixoloji tarazlıqdan çıxarmağa çalışması ilə tanınır. O, bəzən qazandığı künc zərbəsini rəqibinin qarşısında nümayişkaranə şəkildə qeyd edir, yaxud hakimlərin diqqətini çəkmək üçün cüzi təmasdan sonra özünü yerə atır.

Qeyd edək ki, Yerri Mina 2024-cü ildən “Kalyari”də çıxış edir. Kolumbiyalı futbolçu əvvəllər “Barselona”, “Everton” və “Fiorentina”nın formasını geyinib.

İdman.Biz