“Bavariya” futbol klubunun rəhbərliyi Madrid “Real”ının maraq göstərdiyi fransalı cinah hücumçusu Maykl Olise ilə müqavilənin müddətini uzatmaq üçün hərəkətə keçib.
İdman.Biz jurnalist Florian Plettenberqə istinadən xəbər verir ki, Almaniya klubu 24 yaşlı futbolçunun gələcəyini müzakirə etmək məqsədilə artıq onun nümayəndələri ilə əlaqə saxlayıb.
Yeni müqavilə ilə bağlı rəsmi danışıqlar hələ başlamasa da, “Bavariya” rəhbərliyi Oliseyə onu uzunmüddətli perspektivdə komandanın əsas futbolçularından biri kimi gördüyünü bildirib.
Madrid “Real”ının fransalı oyunçuya maraq göstərməsi Münhen klubunun mövqeyini dəyişməyib. “Bavariya” futbolçu ilə yollarını ayırmaq niyyətində deyil.
Olisenin özünün də klubdan ayrılmaqda israrlı olmayacağı gözlənilir.
Qeyd edək ki, fransalı futbolçunun “Bavariya” ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
