Sorlotun zədəsi “Atletiko”nun transfer planlarını poza bilər

28 Noyabr 2026 08:03
42
Sorlotun zədəsi “Atletiko”nun transfer planlarını poza bilər

“Atletiko”nun futbolçusu Aleksander Sorlotun zədələnməsi Madrid təmsilçisini həm idman, həm də maliyyə baxımından çətin vəziyyətə salıb.

İdman.Biz İspaniya mediasına istinadən xəbər verir ki, norveçli hücumçunun yanvar ayınadək meydanlardan kənarda qalacağı gözlənilir.

Qarşıdakı 23 gün ərzində altı oyun keçirəcək Madrid klubunun baş məşqçisi Dieqo Simeonenin sərəncamında hücumçu mövqeyində yalnız Xulian Alvares və Conatan Devid qalıb. Sörlotun yoxluğu komandanın hava topları uğrunda mübarizə imkanlarını da məhdudlaşdırır.

Norveçli futbolçunun zədələnməsi klubun qış transfer planlarına da mənfi təsir göstərə bilər. “Atletiko” rəhbərliyi “Yuventus” da daxil olmaqla bir neçə Avropa klubunun maraq göstərdiyi hücumçunu yanvarda satmaq variantını nəzərdən keçirirdi.

Madrid təmsilçisinin heyətində 115 qarşılaşmada iştirak edən Sorlot cəmi 50 dəfə meydana start heyətində çıxıb. Futbolçunun komandadakı mövqeyindən narazı olduğu bildirilir.

“Atletiko” hücumçunun satışından əldə ediləcək vəsaiti müdafiə xəttinin gücləndirilməsinə yönəltməyi planlaşdırırdı. Komanda xüsusilə sol cinah və mərkəz müdafiəçisi mövqelərində oyunçu çatışmazlığı yaşayır.

Madrid klubu daha əvvəl Fransanın “Lion” komandasından Nikolas Talyafikonu transfer etməyə çalışsa da, keçid son anda baş tutmayıb.

Beləliklə, Sorlotun sağalma müddəti “Atletiko”nun qış transfer pəncərəsindəki fəaliyyətinə də təsir göstərə bilər.

İdman.Biz