“Roma” yayda heyətinə qata bilmədiyi “Ştutqart”ın cinah oyunçusu Ceymi Levelinqin transferi məsələsini yenidən gündəmə gətirib.
İdman.Biz “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, paytaxt klubu almaniyalı futbolçunu hücum xəttindəki problemlərin həlli üçün uyğun namizəd hesab edir.
Levelinq cari mövsümə uğursuz başlayıb və Almaniya millisindəki yerini də itirib. Futbolçunun oyun səviyyəsinin aşağı düşməsi onun transfer qiymətinə təsir göstərə bilər.
Yayda Levelinqi 30 milyon avroya satmağa razı olan “Ştutqart”ın hazırda maliyyə vəsaitinə ehtiyacı var. Bu səbəbdən Almaniya təmsilçisinin əvvəlkindən daha aşağı məbləğə razılıq verəcəyi istisna olunmur.
“Roma” futbolçunu sonradan satın almaq hüququ ilə icarəyə götürmək istəyir. İtaliya klubu daha əvvəl Doniell Malenin transferində də bu üsuldan istifadə edib.
