PSJ-nin futbolçusu Fabian Ruis komandanın yeni transferi Ferran Torresin oyun keyfiyyətlərini yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, ispaniyalı futbolçu milli komandadan yaxşı tanıdığı Torresin Paris klubuna keçidindən məmnun olduğunu bildirib.
“Onun bir çox üstün cəhətləri var. Ən əsası, boş zonaları tapmağı və həmin zonalara nə vaxt hərəkət etməli olduğunu çox yaxşı bilir. Bu, biz yarımmüdafiəçilər üçün olduqca vacibdir.
Bilirdik ki, top ayağımızda olanda o, boş sahəyə doğru hərəkət edəcək. Ferran sürətli futbolçudur və nə vaxt irəli qaçmalı olduğunu dəqiq bilir. Bu da işimizi asanlaşdırır. O, çoxlu qol vurur və yüksək sürətə malikdir”, – deyə Ruis bildirib.
Yarımmüdafiəçi Torresin PSJ-yə transferini sevinclə qarşıladığını da vurğulayıb:
“Onu milli komandada keçirdiyimiz uzun illərdən çox yaxşı tanıyıram. Buraya gələcəyini öyrənəndə çox sevindim, çünki komandamıza böyük fayda verəcəyini bilirdim”.
Ruis Fransa Liqa 1-də “Renn”lə keçirilən görüşdə Torreslə meydanda uğurlu anlaşmalarına da toxunub.
“İlk oyunda, “Renn”ə qarşı görüşdə bir-birimizi meydanda tapmaq imkanımız oldu. Ümid edirəm ki, bu, çoxsaylı belə epizodların yalnız birincisi idi. İstəyirəm ki, ona qol ötürmələri verməyə davam edim, o da qollarını sıralasın. Bu, həm onun, həm mənim, həm də komandanın xeyrinə olacaq”.
