"Prezident İlham Əliyevin minifutbol üzrə milli komandamıza göstərdiyi yüksək diqqət və qayğının növbəti nümunəsi olaraq, yığmamızın inkişafı və fəaliyyətinin dəstəklənməsi məqsədilə 2 milyon manat məbləğində vəsaitin ayrılması barədə imzaladığı Sərəncamı böyük məmnuniyyət və dərin minnətdarlıq hissi ilə qarşılayırıq".
İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov deyib.
O bildirib ki, bu mühüm qərar, dövlətimizin başçısının idmana, xüsusilə də minifutbola verdiyi önəmin bariz nümunəsidir: “Son illərdə Azərbaycan minifutbolunun beynəlxalq arenada qazandığı uğurlar, o cümlədən Avropa və dünya çempionu tituluna layiq görülməsi məhz dövlətimizin ardıcıl dəstəyi və yaradılmış şəraitin nəticəsidir”.
Orxan Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyevin bu Sərəncamı milli komandanın qarşıdakı beynəlxalq yarışlara daha yüksək motivasiya ilə hazırlaşmasına, maddi-texniki bazanın gücləndirilməsinə, infrastrukturun təkmilləşdirilməsinə və minifutbolun ölkəmizdə daha da geniş yayılmasına təkan verəcək: “Bu, təkcə idman uğuru deyil, həm də gənclərimiz üçün sağlam həyat tərzi və komanda mədəniyyəti aşılayan mühüm sosial layihədir”.
“Azərbaycan Minifutbol Federasiyası adından Prezident İlham Əliyevə səmimi təşəkkürümüzü bildiririk. Əmin edirik ki, bu yüksək etimadı doğrultmaq, üçrəngli bayrağımızı beynəlxalq arenalarda yenidən dalğalandırmaq üçün əzmlə çalışacağıq. Dövlətimizin idmana verdiyi önəmi hər zaman əsas götürərək, ölkəmizin idman nüfuzunu daha da yüksəltmək üçün fəaliyyətimizi davam etdirəcəyik”, - deyə federasiya prezidenti fikirlərini tamamlayıb.
Qeyd edək ki, minifutbol üzrə Azərbaycan milli komandası Bakıda keçirilən dünya çempionatının finalında Macarıstan yığmasına 4:2 hesabı ilə qalib gələrək, nüfuzlu turnirin qalibi olub.
İdman.biz