Millimizin qapıçısı: “Çempion olmaq istəyiriksə, rumınları məğlub etməliyik” - MÜSAHİBƏ

Müsahibə
27 May 2025 12:28
51
Millimizin qapıçısı: “Çempion olmaq istəyiriksə, rumınları məğlub etməliyik” - MÜSAHİBƏ

Minifutbol üzrə milli komandamızın qapıçısı Ağaseyid Qasımovun Futbolxeber.az saytına müsahibəsi

- Qrup mərhələsinin son turunda Mavritaniyanı 2:0 hesabı ilə məğlub etdiniz. Görüşlə bağlı nə deyərdiniz?

- Çətin oyun olacağını bilirdik. Buna görə də görüşə ciddi hazırlaşmışdıq. Hər şeyə hazır idik. Qələbə qazandıq və yolumuza davam edirik. Dünya çempionatının Azərbaycanda keçirilməsi uğurdur. Biz də azarkeşlərmizə çempionluq bəxş etmək istəyirik.

- İlk oyundakı xal itkisi komandada psixoloji gərginlik yaratmadı?

- İlk oyunlar həmişə çətin keçir. Arenadakı ab-hava da öz təsirini göstərdi. Bəhreynlə ilk matçda heç-heçə etsək də, sonradan toparlandıq və qrup lideri olduq.

- Artıq bu gün 1/8 final mərhələsi start götürür və erkən finalda rəqibimiz son dünya çempionu Rumıniyadır...

- Rumıniya həqiqətən də çox güclü rəqibdir, dünya və Avropa çempionudur. Yaxşı komandadır. Təbii ki, çətin oyun olacaq. Bizi çox gərgin qarşılaşma gözləyir. Lakin çempion olmaq istəyiriksə, rumınları məğlub etməliyik.

- Doğma meydan amili üzərinizdə əlavə basqı yaradır?

- Doğma azarkeşlər önündə oynamaq məsuliyyətdir. Onların möhtəşəm dəstəyinin qarşılığını verməyə çalışırıq. Maksimum dərəcədə əlimizdən gələni edirik, azarkeşlərimizi sevindirək.

- Bu gün Rumıniyanı mübarizədən kənarlaşdırsaq, hansı komandalar çempionluq yolunda millimizə rəqib ola bilər?

- Serbiyanın, Macarıstanın adını çəkmək olar. Həm də onu deyim ki, bu dünya çempionatı daha ağır keçir. Bütün komandalar güc göstərirlər.

- Son dünya və Avropa çempionatında bizim yolumuzu kəsən Qazaxıstan millisi 1/8 finala yüksələ bilmədi, qrupda qaldı. Bunu millimiz üçün əlavə motivasiya saymaq olar?

- Həqiqətən də həmişə Qazaxıstan millisi ilə oyunlarda çətinlik çəkmişik. Əvvəlki dünya çempionatında yarımfinalda onlara uduzduq. Son Avropa çempionatında da 1/4 finalda. İnanıram ki, onların qrupda qalmağının bizə xeyri olar. Qazaxların qrupda qalması da dünya çempionatının nə dərəcədə çətin keçdiyinin göstəricisidir.

İdman.biz