Vaqif Cavadov: "Zirə" elə-belə olaraq ikinci yerdə deyil"

Xəbərlər
20 Aprel 2025 21:30
145
Vaqif Cavadov: "Zirə" elə-belə olaraq ikinci yerdə deyil"

"Çox yaxşı komandaya qarşı mübarizə apardıq. Həmin komanda elə-belə olaraq ikinci yerdə deyil. Bunun şahidiyik".

İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 31-ci turunda "Zirə"yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, lakin "Sumqayıt" komandası da yaxşı oyun nümayiş etdirdi: "Futbolçularıma təşəkkürümü bildirirəm. Hər iki komanda bu gün futbol oynadı. Hər iki komandanın oyun üslubları görsənirdi. İnanıram ki, bizim komanda da bu matçlarla daha möhkəm olacaq. İnşallah, növbəti oyunlar da bu cür olsun. "Zirə"yə uğurlar arzulayıram. Bizim isə çətin oyunlarımız var. Onlara hazırlaşacağıq".

Vaqif Cavadov yerli futbolçuların oyunun sonunda etdiyi səhvlərə də münasibət bildirib: "Heç kim istəməzdi ki, oyuna 6-7 dəqiqə qalmış bu cür səhv buraxsın. Bizim həmin ərəfədə üstünlüyümüz və qol imkanlarımız var idi. Belə bir epizodda səhv buraxdıq. İstər yerli, istər əcnəbi futbolçu olsun, mənim üçün eynidir. Hamısına güvənirəm. Ümidvaram ki, növbəti oyunlarda belə səhvlərə yol vermərik. Ən azından bu istək və ruh, meydanda nə etdiklərini bilməkləri mənim üçün çox önəmlidir. Çox istəyərəm ki, bu cür epizodlarımızın sayı az olar və növbəti görüşlərdə fürsətlərimizdən istifadə edək".

İdman.biz