Türkiyə Super Liqasının altıncı turunda “Amedspor” doğma meydanda “Beşiktaş”ı 3:2 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, Diyarbəkir stadionunda keçirilən görüşdə hesab 13-cü dəqiqədə açılıb. “Gift Orban2 meydan sahiblərini önə çıxarıb. 22-ci dəqiqədə Dia Saba fərqi iki topa çatdırıb.
“Beşiktaş” 55-ci dəqiqədə Duşan Vlahoviçin qolu ilə fərqi azaltsa da, dörd dəqiqə sonra Furkan Soyalp “Amedspor”un üçüncü qolunu vurub.
84-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Amadu Sisse ikinci sarı vərəqədən sonra meydandan qovulub. “Beşiktaş” 90+8-ci dəqiqədə Orkun Kökçünün penalti zərbəsindən vurduğu qolla hesabı 3:2 etsə də, məğlubiyyətdən qaça bilməyib.
Qeyd edək ki, bu qələbədən sonra xalını 13-ə çatdıran “Amedspor” Superliqanın yeni lideri olub. “Beşiktaş” isə mövsümdə ikinci məğlubiyyətini alıb. Milli komandaların oyunları ilə bağlı fasilədən sonra “Amedspor” səfərdə “Gənclərbirliyi” ilə, “Beşiktaş” isə doğma meydanda “Kocaelispor”la qarşılaşacaq.
Paralel keçən oyunda “Göztəpə” “Rizəspor”u qəbul edib. Tərəflər hərəyə iki dəfə fərqləniblər.
20:07
Türkiyə Super Liqasının altıncı turunda “Fənərbağça” öz meydanında “Eyüpspor”u 8:0 hesabı ilə darmadağın edib.
İdman.Biz xəbər verir ki, “Çobani” stadionunda keçirilən görüşdə hesab beşinci dəqiqədə açılıb. VAR müdaxiləsindən sonra təyin olunan penalti zərbəsini Meyson Qrinvud dəqiq yerinə yetirib. Cəmi iki dəqiqə sonra Vedat Muriqi fərqi iki topa çatdırıb.
21-ci dəqiqədə Muriqi özünün ikinci qolunu vurub. 38-ci dəqiqədə Matteo Genduzi, 45+1-ci dəqiqədə isə İrfan Can Kahveci fərqlənib və “Fənərbağça” fasiləyə 5:0 hesablı üstünlüklə yollanıb.
Kosovalı hücumçu ikinci hissədə də dayanmayıb. O, 47-ci dəqiqədə het-trikini rəsmiləşdirib, 57-ci dəqiqədə isə baş zərbəsi ilə matçdakı dördüncü qoluna imza atıb. Qarşılaşmanın yekun hesabını 79-cu dəqiqədə Qrinvud müəyyənləşdirib - 8:0.
Qeyd edək ki, bu qələbədən sonra İsmayıl Kartalın komandası xalını 10-a çatdırıb və beşinci pillədədir. “Eyüpspor” isə üç xalda qalıb.
Paralel keçən "Erzurumspor" - "Samsunspor" qarşılaşması meydan sahiblərinin 1:0 üstünlüyü ilə başa çatıb. Azərbaycan millisinin hücumçusu, "Erzurumspor"un heyətində oynayan Nəriman Axundzadə ehtiyatda qalıb.
