Minifutbol Federasiyasının baş katibi: “Məqsədimiz dünya çempionu olmaqdır”

Xəbərlər
24 Oktyabr 2023 10:16
109
Minifutbol Federasiyasının baş katibi: “Məqsədimiz dünya çempionu olmaqdır”

“Milli komandamız dünya çempionatına ilk dəfə qatılır. İlk dəfə iştirak etdiyimizə baxmayaraq, mundiala Avropa çempionu qismində yollanırıq”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov yığmanın dünya çempionatında iştirakını dəyərləndirərkən deyib.

O bildirib ki, BƏƏ-də keçiriləcək mundiala oyunçu seçimində baş məşqçi bir qədər çətinlik çəkib: “Antalyada keçirilən təlim-məşq toplantısının son 1 həftəsində iştirak etdim. 20-21 nəfərlik hazır heyətdən 17 futbolçunu seçmək asan deyil. İkitərəfli məşqlərdə onlarda olan o hirs, əzm və mübarizlik aşkar görünürdü. Hərdən emosiyalara qapılıb, məşqdə olduqlarını da unudurdular. Ümid edirəm ki, eyni hirs və əzmlə dünya çempionatının bütün oyunlarında çıxış edəcəyik və noyabrın 5-də geri dönəndə çempion qismində geri dönəcəyik. Buna çox ümid edirik və inanırıq”.

Yığma ilə BƏƏ-ə yollanan funksioner komandaya inandığını bildirib. O favoritlərdən olduqları yarışı çempion tamamlayacaqlarına inandığını deyib: “Hədəfimiz məhz daşıdığımız statusa uyğundur. Dünya çempionatında debüt etsək də, məqsədimiz və niyyətimiz çempion olmaqdır. Dünya Minifutbol Federasiyası bizi mundialın Top-5 favoriti siyahısına daxil edib. Çalışacağıq ki, bunu doğruldaq”.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında yığmamız G qrupunda Misir, Küveyt və İraqla bir qrupda yer alır.

Emin Ağa

İdman.biz