“Yuventus” A Seriyasının beşinci turunda “Atalanta” üzərində 2:0 hesablı qələbə qazandığı matçdakı hadisəyə görə cəzalandırılıb.
İdman.biz xəbər verir ki, Bu barədə tanınmış insayder Canluka Di Martsio öz rəsmi saytında məlumat verib.
İtaliyanın İdman Məhkəməsi Turin klubunu 10 min avro məbləğində cərimələyib.
Cəzaya səbəb “Yuventus”un bir qrup azarkeşinin İtaliya futbolunun “İnter”də çıxış etmiş əfsanəsi Sandro Matsolanın xatirəsinə həsr olunmuş dəqiqəlik sükut zamanı davranışı olub. Həmin azarkeşlər sükuta riayət etməyiblər.
Qeyd olunur ki, cəza yüngülləşdirilib. Buna səbəb “Yuventus”un baş verənləri operativ və açıq şəkildə pisləməsi, həmçinin stadiondakı digər azarkeşlərin qayda pozanların davranışından uzaq durması olub.
