“Amed” “Qalatasaray”ın taxtına göz dikib, “Mançester Siti” təzyiq altındadır - AFİŞA

7 Noyabr 2026 10:15
29
“Amed” “Qalatasaray”ın taxtına göz dikib, “Mançester Siti” təzyiq altındadır - AFİŞA

Noyabrın 7-də, şənbə günü futbolun əsas diqqətçəkən qarşılaşması İstanbulda keçiriləcək. Türkiyə Super Liqasının debütantı “Amed” ardıcıl dörd mövsüm ölkə çempionu olan “Qalatasaray”ı məğlub etməyə çalışacaq. Avropanın aparıcı çempionatlarında isə iddialı klublar liderlik uğrunda mübarizəni davam etdirəcəklər.

İdman.Biz xəbər verir ki, “Qalatasaray” 25 xalla Türkiyə Super Liqasının turnir cədvəlinə başçılıq edir. Lakin Diyarbəkiri təmsil edən və mövsümün sürpriz komandalarından olan “Amed” cəmi iki xal geri qalır. Qələbə qonaqları yüksək liqadakı ilk mövsümlərində liderliyə yüksəldə bilər.

Bununla belə, İstanbul təmsilçisi çempionatda doğma meydanda keçirdiyi son 40 oyunda məğlub olmayıb. “Amed” isə səfərdə keçirdiyi son dörd qarşılaşmanın yalnız birində qələbə qazanıb. Meydan sahibləri zədə səbəbindən heyətdə yer almayacaq Viktor Osimhenin xidmətindən də məhrum olacaqlar. Doqquz qolla bombardirlər yarışına “Amed”in hücumçusu Gift Orbanla birlikdə başçılıq edən nigeriyalı forvardın yoxluğu “Qalatasaray” üçün ciddi itkidir.

İngiltərə Premyer Liqasında “Arsenal” “Liverpul” üzərində qazandığı 1:0 hesablı qələbədən sonra liderliyini möhkəmləndirməyə çalışacaq. London klubu 24 xalla ilk pillədə qərarlaşıb. Komandanın bu dəfəki rəqibi son yeddi turda qələbə qazana bilməyən “Hall” olacaq.

İkinci pillədə qərarlaşan “Mançester Siti” isə son iki matçında gözlənilmədən məğlub olub. Enzo Mareskinin komandası bu dəfə cəmi altı xalı olan “Nottingem Forest”in qonağı olacaq. Ardıcıl üçüncü xal itkisi “şəhərlilər”in liderdən altı xal geri qalmasına səbəb ola bilər.

Avropanın digər çempionatlarında da liderlər xal itkisindən qaçmağa çalışacaqlar. Almaniyada hərəyə 18 xal toplamış “Bavariya” və Dortmund “Borussiya”sı müvafiq olaraq “Maynts” və “Elversberq”lə qarşılaşacaqlar.

İtaliyada məğlubiyyət tanımayan “Roma” “Sassuolo”nu qəbul edəcək. Paytaxt təmsilçisi qələbə qazanacağı halda lider “Latsio” ilə xal fərqini birə endirə bilər.

İspaniyada Madrid “Real”ı səfərdə turnir cədvəlinin sonlarında qərarlaşan “Valensiya” ilə qarşılaşacaq. Kral klubu bu matçda qələbə qazanaraq lider “Barselona”ya yaxınlaşmağa çalışacaq. Fransada PSJ “Trua” ilə üz-üzə gələcək. Paulu Fonseka isə “Sportinq”in baş məşqçisi kimi ilk oyununa “Moreyrense”yə qarşı çıxacaq.

Əsas oyunların təqvimi:

7 noyabr

İngiltərə. Premyer Liqa, 10-cu tur

16:30 – “Lids” – “Tottenhem”

19:00 – “Arsenal” – “Hall”

19:00 – “Fulhem” – “Nyukasl”

21:30 – “Nottingem Forest” – “Mançester Siti”

Almaniya. Bundesliqa, 9-cu tur

18:30 – “Maynts” – “Bavariya”

18:30 – Dortmund “Borussiya”sı – “Elversberq”

18:30 – “RB Leypsiq” – “Auqsburq”

18:30 – “Paderborn” – Frankfurt “Ayntraxt”ı

21:30 – “Ştutqart” – “Verder”

Türkiyə. Super Liqa, 11-ci tur

14:30 – “Eyüpspor” – “Kocaelispor”

17:00 – “Samsunspor” – “Konyaspor”

20:00 – “Qalatasaray” – “Amed”

20:00 – “Göztəpə” – “İstanbul Başakşehir”

İtaliya. A Seriyası, 11-ci tur

18:00 – “Kalyari” – “Frozinone”

18:00 – “Torino” – “Leççe”

21:00 – “Parma” – “Bolonya”

23:45 – “Roma” – “Sassuolo”

İspaniya. La Liqa, 12-ci tur

17:00 – “Malaga” – “Rasinq” (Santander)

19:15 – “Espanyol” – “Deportivo”

21:30 – “Osasuna” – “Atletik” (Bilbao)

23:59 – “Valensiya” – “Real” (Madrid)

Fransa. Liqa 1, 10-cu tur

23:59 – PSJ – “Trua”

8 noyabr

Portuqaliya. Premyer Liqa, 11-ci tur

00:30 – “Sportinq” – “Moreyrense”

İdman.Biz