Torres DÇ-2026 finalında vurduğu qolu xatırladı: “Bir saniyəlik sükut eşitdim”

23 Sentyabr 2026 08:21
32
Torres DÇ-2026 finalında vurduğu qolu xatırladı: “Bir saniyəlik sükut eşitdim”

İspaniya millisinin futbolçusu Ferran Torres 2026-cı il dünya çempionatının finalında Argentina üzərində qələbə qazandıran qolu barədə danışıb.

İdman.biz xəbər verir ki, Torres həmin epizodun təkrarına dəfələrlə baxdığını bildirib.

“Çox maraqlıdır: Lamin cinahda topu qəbul edəndə və onun topu Pedro Porroya ötürəcəyini görəndə, özüm də bilmirəm niyə, amma irəliyə doğru kiçik addımlar atmağa başladım. Cərimə meydançasına tərəf irəliləyirdim və topun Nikoya tərəf getdiyini görəndə başa düşdüm – bax, bu boş zonadır. Hər şey saniyədə min hadisə sürəti ilə baş verirdi.

İnyesta 2010-cu ildə qol vuranda deyirdi ki, zərbə anında ona elə gəlirdi ki, ətrafdakı hər şey yox olur – mən də eyni hissi keçirdim. Zərbə endirməyə hazırlaşarkən bir saniyəlik sükut eşitdim, sonra isə artıq künc bayrağına tərəf qaçırdım, çünki top torun içində idi”, – deyə “El Debate”-yə açıqlamasında Torres deyib.

Futbolçu bildirib ki, həmin epizodun təkrarına dəfələrlə baxıb. Lakin zərbə anı özünün yaddaşında demək olar ki, qalmayıb. Onun sözlərinə görə, qolun qeyd edilməsi zamanı yaranan emosiya və adrenalin bu anı üstələyib.

Final qarşılaşması Torresin 106-cı dəqiqədə vurduğu qolla İspaniyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Hücumçu topu Niko Uilyamsın ötürməsindən sonra Argentina qapısından keçirib.

Qeyd edək ki, Torres İspaniya millisində 64 oyun keçirib və 25 qol vurub.

İdman.Biz