İngiltərənin “Mançester Yunayted” futbol klubunun kapitanı Bruno Fernandeş klubla yeni müqavilə danışıqlarını müvəqqəti dayandırmaq qərarına gəlib.
İdman.Biz “teamtalk”a istinadla xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi yeni baş məşqçi Maurisio Poçettinonun fəaliyyətini qiymətləndirdikdən sonra gələcəyi ilə bağlı qərar vermək niyyətindədir. O, argentinalı mütəxəssisin komandanı yenidən əvvəlki səviyyəsinə qaytara biləcəyini və klubun iddialarını reallaşdırmağa qadir olduğunu görmək istəyir.
Məlumata görə, Fernandeş “Mançester Yunayted”in cari mövsümdəki çıxışından və klub rəhbərliyinin bəzi qərarlarından narazıdır. Portuqaliyalı futbolçu yeni müqavilə imzalamazdan əvvəl komandanın mövsümün qalan hissəsindəki çıxışını izləməyi planlaşdırır.
Qeyd edək ki, Fernandeşin hazırkı müqaviləsinin müddəti gələn ilin yayında başa çatır. Bununla belə, “Mançester Yunayted”in anlaşmanı daha bir il uzatmaq hüququ var. “The Sun” nəşrinin iddiasına görə, klub futbolçunun xarici komandalarla əvvəlcədən müqavilə razılaşması əldə etməsinin qarşısını almaq üçün bu bəndi yanvara qədər aktivləşdirməyi planlaşdırır.
Fernandeşin indiyədək klubun iki yeni müqavilə təklifini qəbul etmədiyi də bildirilir.
