Argentina millisində futbolçu karyerasını başa vuran Lionel Messi komandaya fərqli statusda qayıda bilər.
İdman.Biz “Motivaciones Futbol” nəşrinə istinadla xəbər verir ki, səkkizqat “Qızıl top” sahibi yığmanın gənc futbolçularına mentorluq etmək üçün nəzərdən keçirilir.
Ehtimal olunan plana əsasən, Messi öz təcrübəsini gənc oyunçularla bölüşəcək, onlara məsləhətlər verəcək və yeni nəslin inkişafına kömək edəcək.
Oxşar rolu 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı zamanı Serxio Aquero yerinə yetirib. Sabiq hücumçu Argentina millisinin oyunçularına dəstək göstərib.
Bundan başqa, yığmanın baş məşqçisi Lionel Skaloni də Messinin məşqçilər korpusuna qoşulmasına müsbət yanaşdığını bildirib. O, mətbuat konfransında bu ehtimalla bağlı suala zarafatla belə cavab verib: “Əgər özü gəlmək istəsə, heç bir problem yoxdur. İndi Valter yoxdur, gəlsin”.
Qeyd edək ki, Messinin Argentina millisində məşqçi və ya mentor kimi fəaliyyətə başlaması ilə bağlı hələlik rəsmi qərar verilməyib.
