“Barselona”nın baş məşqçisi Hans-Diter Flikin hücum xəttində Entoni Qordona Karim Adeyemidən daha çox üstünlük verdiyi üzə çıxıb.
İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin mövsümün ən çətin üç qarşılaşmasındakı seçimləri bunu göstərir.
Flik Çempionlar Liqasında PSJ, İspaniya çempionatında isə “Real Madrid” və “Atletiko” ilə oyunların hamısında Qordonu start heyətinə daxil edib. İngiltərəli futbolçu bu görüşlərdə ümumilikdə 261 dəqiqə meydanda olub. Adeyemi isə hər üç qarşılaşmada ehtiyatdan oyuna qoşularaq cəmi 42 dəqiqə keçirib.
PSJ ilə matçda Qordon 90, Adeyemi 31 dəqiqə oynayıb. “Real Madrid”ə qarşı bu göstəricilər müvafiq olaraq 85 və altı, “Atletiko” ilə görüşdə isə 86 və beş dəqiqə təşkil edib.
Futbolçuların La Liqadakı göstəriciləri də fərqlənir. Qordon 11 oyunda 683 dəqiqə meydanda olub, iki qol vurub və dörd məhsuldar ötürmə verib. Adeyemi isə 12 qarşılaşmada 422 dəqiqə ərzində iki qol və iki assistlə yadda qalıb.
Çempionlar Liqasında ingiltərəli futbolçu dörd matçda 267 dəqiqə oynayaraq bir qol vurub. Almaniyalı hücumçu isə üç görüşdə 125 dəqiqə ərzində iki dəfə fərqlənib.
Beləliklə, mövsümün ən məsuliyyətli qarşılaşmalarında Qordon Flikin əsas seçimlərindən birinə çevrilib. Adeyemi isə daha çox oyunun gedişində hücumu gücləndirmək üçün meydana buraxılır.
