İtaliyanın “Atalanta” klubu sol cinah müdafiəçisi Lorenso Bernaskoni ilə müqaviləsini uzadıb.
İdman.Biz xəbər verir ki, futbolçu ilə yeni razılaşma imzalanıb. Bununla da onun gələcəyi ilə bağlı transfer iddialarına aydınlıq gətirilib.
Berqamo təmsilçisi 23 yaşını qeyd edən müdafiəçinin komandadakı inkişaf yolunu xüsusi vurğulayıb:
“Lorenso Bernaskoni ilə ‘Atalanta’ arasındakı bağ daha da möhkəmlənib. Yeniyetmə yaşlarından klubumuzda olan futbolçu gənclər komandasında yetişib, U-23 heyətində mühüm təcrübə qazanıb. Əsas komandaya yüksəldikdən sonra təvazökarlığı, fədakarlığı və böyük zəhməti sayəsində getdikcə daha əhəmiyyətli rol qazanıb. O, həm meydanda, həm də meydandan kənarda davranışı ilə fərqlənib”.
Klubun açıqlamasında Perkassi və Palyuka ailələrinin, idman rəhbərliyinin və bütün kollektivin Bernaskoniyə “Atalanta”dakı karyerasının davamında uğurlar arzuladığı da bildirilib.
Qeyd edək ki, daha əvvəl “Yuventus”un italiyalı müdafiəçini transfer siyahısına daxil etdiyi barədə məlumat yayılmışdı.
