“Barselona” klubu “Kamp Nou” stadionunun yenidən qurulması işlərinin tamamlanması istiqamətində mühüm razılaşma əldə edib.
İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Türkiyənin “Limak” tikinti şirkəti ilə layihənin son mərhələsinin həyata keçirilməsi barədə razılığa gəlib. İnvestorlar müqaviləni təsdiqləyiblər və tikinti işlərinin tamamlanması üçün əlavə 300 milyon avroluq kredit vəsaiti ayrılıb.
Tərəflər arasında daha əvvəl tikinti müddətləri ilə bağlı fikir ayrılıqları yaşansa da, “Barselona” podratçı şirkəti dəyişməkdən imtina edib. Beləliklə, stadionun yenidən qurulmasını “Limak” başa çatdıracaq.
Layihənin əsas mərhələlərindən biri stadionun dam örtüyünün quraşdırılması olacaq. Təxminən 3000 ton ağırlığında konstruksiyanın qaldırılmasını nəzərdə tutan işlərə cari mövsüm başa çatdıqdan sonra başlanılacaq. Bu mərhələnin 2027/2028 mövsümünün ikinci yarısında yekunlaşdırılması planlaşdırılır.
Tikinti işləri zamanı “Barselona”nın yenidən Montjuikdəki Olimpiya Stadionunda çıxış etməsi nəzərdə tutulur. Klub ehtiyat tədbiri olaraq həmin arenanı bütün 2027/2028 mövsümü üçün rezerv edib. Bununla belə, əsas plan mövsümün ikinci yarısında “Kamp Nou”ya qayıtmaqdır.
Dam örtüyü quraşdırıldıqdan sonra stadionun hər üç tribuna səviyyəsi tamaşaçıların istifadəsinə veriləcək. Yenilənmiş arenada klub mağazası və muzeyin 2027-ci ilin əvvəlində fəaliyyətə başlaması gözlənilir.
Stadionun ikiqat VIP lojalar sisteminin isə 2028/2029 mövsümündə tam istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Kamp Nou”nun 2028/2029 mövsümündə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsi planlaşdırılır.
