İspaniya millisinin və PSJ-nin yarımmüdafiəçisi Fabian Ruisin yeddi ildən çox davam edən məğlubiyyətsiz seriyası başa çatıb.
İdman.Biz “PlaymakerStats”a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu milli komandanın heyətində ilk məğlubiyyətini 54-cü qarşılaşmasında yaşayıb.
Buna UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda İspaniyanın İngiltərəyə 2:3 hesabı ilə uduzması səbəb olub.
Ruis 2019-cu il iyunun 7-də İspaniya millisində debüt etdikdən sonra keçirdiyi 53 oyunun heç birində məğlubiyyət görməmişdi. Bu müddətdə onun iştirakı ilə yığma 38 qələbə qazanıb, 15 dəfə heç-heçə edib.
Beləliklə, futbolçunun 2718 gün davam edən məğlubiyyətsiz seriyası İngiltərə ilə görüşdə sona çatıb.
Bununla belə, Ruis İspaniya millisinin tarixində ən uzun məğlubiyyətsiz seriyanın sahibi deyil. Bu göstərici sabiq müdafiəçi Karlos Marçenaya məxsusdur. O, 2003-2010-cu illərdə milli komandanın heyətində ardıcıl 57 oyunda məğlubiyyət yaşamayıb.
