Təbriz Həsənov: “Yaxşı oynayıb, uduzduq” deyimindən çıxmalıyıq”

Xəbərlər
17 Oktyabr 2023 15:33
112
Təbriz Həsənov: “Yaxşı oynayıb, uduzduq” deyimindən çıxmalıyıq”

“Estoniya ilə oyundan sonra komandada əhval-ruhiyyə və motivasiya yaxşı idi. Komandanın Avstriyaya qarşı da inamlı oyun nümayiş etdirəcəyinə ümid edirdik”.

Bunu İdman.biz saytına veteran futbolçu Təbriz Həsənov Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya (0:1) ilə oyununu dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, rəqib ustalıq səviyyəsinə görə futbolçularımızdan fərqlənib: “Milli komanda uzun müddət idi ki, Tofiq Bəhramov adına Respublika stadionunda çıxış etmirdi. Bu qayıdışdan sonra oyuna azarkeşlərin böyük maraq göstərəcəyinə ümid edirdik. Amma əfsuslar olsun ki, bunun şahidi olmadıq. Dəstək az oldu. Avstriya güclü komandadır. Baxmayaraq ki, çox oyunçuları gəlməsə də, ustalıq səviyyəsinə görə bizimkilərdən seçilirdilər. Amma rəqibin bizdən daha üstün oynadığını da deməzdim. Komandamızın yaxşı oynadığını deyə bilmərəm. Mübarizə apardıqları, istəkli olduqları görünürdü. Bircə heyfsiləndiyim məqam Toral Bayramovun əla vəziyyətdən istifadə edə bilməməsi oldu. İkinci hissədə əsas heyət oyunçularının meydana çıxmağı həlledici rol oynadı. Sabitserin həm penalti qazanmaqda, həm də vurmaqda böyük rolu oldu”.

Həsənov artıq qələbələr qazanmağın vaxtının gəldiyini düşünür: “Yığma haqda daim yaxşı sözlər deyilməsini istəyirik. Amma artıq mənə elə gəlir ki, “yaxşı oynayıb, uduzduq” deyimindən də çıxmalıyıq. Artıq xallar qazanmaq lazımdır. Komandamız pis deyil. Heyətə baxanda, çox yaxşı futbolçularımız var. Artıq uğur qazanmaq vaxtıdır. Hərdən Moldova, Gürcüstan, Belarus və Qazaxıstanın oyunlarına baxdıqda paxıllıq edirəm. Onlar artıq qələbələr qazanır, xallar əldə edirlər. Çox istərdim ki, millimiz qarşısında artıq kim var baxmasın. Hər zaman xal qazanmağa köklənsin”.

O, U-21 millimizin də çıxışına toxunub. Həsənov bildirib ki, bu gün komandamız Lüksemburqa qarşı matçda yalnız qələbə barədə fikirləşməlidir: “Qrupumuzda Şimali İrlandiya ən zəiflərdəndir. Keçən oyun millimizdən qələbə gözləyirdik. Rəqib azlıqda qalsa da, onlara qalib gələ bilmədik. İkinci şansımız Lüksemburqla oyunda yaranıb. Digər komandalar çox güclüdür. Ən azından Lüksemburqa qarşı bu gün yaxşı oynayıb xal qazanmalıyıq”.

Qeyd edək ki, Azərbaycan - Lüksemburq oyunu “Azersun Arena”da saat 18:00-da start götürəcək.

Emin Ağa

İdman.biz