“Şamaxı”nın və Azərbaycan millisinin futbolçusu Edqar Adilxanov Belçikanın “Gent” klubuna mümkün transferi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
İdman.Biz xəbər verir ki, futbolçu “Azerisport”a müsahibəsində bu barədə nə klub rəhbərliyi, nə də agenti ilə danışdığını açıqlayıb.
“Mən də həmin xəbərləri görmüşəm. Amma klubla bu mövzuda danışmamışam. Agentim də mənə heç nə deməyib. Onun belə bir təklifdən xəbəri yoxdur. Düşünürəm ki, bu məlumat doğru deyil”, - deyə Adilxanov bildirib.
Futbolçu Misli Premyer Liqasının yeddinci turunda “Zirə” ilə 1:1 hesablı heç-heçə başa çatan qarşılaşmanı da dəyərləndirib:
“Oyun gərgin keçdi. Bilirdik ki, “Zirə” çətin rəqibdir. Ən etibarlı müdafiə xətlərindən birinə malik komandalardandır. Müdafiəçiləri uzun müddətdir birlikdə oynayırlar. Yaxşı təşkilatlanmış komandadır. Buna baxmayaraq, qalib gələ bilərdik. Təəssüf ki, imkanlarımızdan istifadə edə bilmədik”.
Adilxanov son vaxtlar həm əsas, həm də U-21 millisinin heyətində çıxış etməsinin fiziki durumuna təsir göstərdiyini etiraf edib:
“Əsas millidə iki oyun keçirdim. Birində 15, digərində 30 dəqiqə meydanda oldum. Daha sonra U-21 millisinə yollandım və bir oyunda 70 dəqiqə iştirak etdim. Yorğunluq səbəbindən “Zirə” ilə qarşılaşmada yalnız ikinci hissədə meydana çıxdım. Yorulduğum hiss olunurdu. Məşqçilərlə danışdım, onlar da bunu qeyd etdilər. Bu, mənim işimdir. Çalışıram ki, mümkün qədər tez bərpa olunum, növbəti oyunlara hazırlaşım və komandama kömək edim”.
Yarımmüdafiəçi “Zirə” ilə matçda VAR səbəbindən oyunun tez-tez dayandırılmasının komandasına mənfi təsir göstərdiyini də vurğulayıb:
“Bu, bizə ciddi təsir etdi. VAR səbəbindən oyun tez-tez dayanırdı. İkinci hissədə əks-hücumlara üstünlük verirdik. “Zirə” də qalib gəlmək istəyirdi və topu bizim meydanımızda saxlayırdı. Biz topu ələ keçirib dərhal əks-hücuma çıxmağa çalışırdıq. Amma davamlı fasilələr tempimizi pozurdu. Buna görə də bir çox şey alınmadı. Bununla belə, ümumilikdə baş hakim oyunu yaxşı idarə etdi”.
Adilxanov “Şamaxı”nın turnir cədvəlindəki mövqeyindən razı olduğunu, lakin komandanın daha yüksək pillələrə qalxmaq potensialına malik olduğunu bildirib:
“Düşünürəm ki, yaxşı mövqedəyik. Amma daha da yüksələ bilərik. Bunun üçün potensialımız var. Hər oyundan maksimum nəticə əldə etməyə çalışacağıq”.
