“Qəbələ” tarixi və yaxşı infrastrukturu olan klubdur” - Kərim Rossinin İsveçrə mətbuatına MÜSAHİBƏSİ - FOTO

12 Oktyabr 2026 14:38
116
“Qəbələ” tarixi və yaxşı infrastrukturu olan klubdur” - Kərim Rossinin İsveçrə mətbuatına MÜSAHİBƏSİ - FOTO

“Qəbələ” futbol klubunun hücumçusu Kərim Rossi İsveçrə mətbuatına geniş müsahibə verib.

İdman.Biz xəbər verir ki, 32 yaşlı forvard karyerası ərzində müxtəlif ölkələrdə yaşadığı maraqlı hadisələrdən danışıb, Azərbaycan futbolu barədə fikirlərini bölüşüb.

Rossi “Qəbələ”ni seçməsinin səbəblərindən, Azərbaycandakı futbol mühitindən və ailəsinin ölkədəki həyatından danışıb:

“Bu dəfə yeni futbol sınağı uğurlu alındı. Paytaxt Bakının yaxınlığında yerləşən “Şamaxı” ilə mövsümü 35 oyunda 13 qolla başa vurdum. Mövsümün rəmzi komandasına namizəd göstərilməyim mənə yeni imkanlar yaratdı. Lakin yayda “Qəbələ”ni seçdim. Klub mənə ikiillik müqavilə təklif etdi. 32 yaşımda sabitlik mənim üçün vacib idi.

“Qəbələ” tarixi olan, yaxşı infrastruktura və gözəl stadiona malik klubdur. Milli komanda hələ ki, növbəti inkişaf mərhələsinə keçə bilməsə də, Azərbaycan futbolu inkişaf edir. Klublar yaxşı futbolçuları heyətinə cəlb etmək üçün sərmayə yatırırlar. “Qarabağ”ın ötən mövsüm Çempionlar Liqasında uğurlu çıxışı da Azərbaycan futbolunun nüfuzunu artırıb.

Ailəm bu bölgə şəhərində mənimlə yaşayır. Ərazi bir qədər dağlıqdır və burada özümüzü yaxşı hiss edirik. Müsəlman mədəniyyəti mənə Mərakeş mənşəyimi xatırladır. Mən isə qeyri-adi karyeram sayəsində müxtəlif mühitlərə uyğunlaşmağı öyrənmişəm. Sanki buqələmunam”.

Bolqarıstanda danışılmış oyun şübhəsi və mərc iddiası

Rossi Bolqarıstanda çıxış etdiyi vaxt klub prezidentinin davranışlarından şübhələndiyini bildirib:

“Bolqarıstan kubokunda “Ludoqorets”ə qarşı oynayırdıq. İlk hissə 0:0 hesabı ilə başa çatmışdı və nəticədən razı idik. Mafiozları xatırladan iri eynək taxan prezident soyunub-geyinmə otağına daxil oldu və üstümüzə qışqırmağa başladı. O, baş məşqçidən bir neçə futbolçunu dəyişməsini tələb edirdi.

Sonradan öyrəndim ki, həmin oyunun nəticəsi əvvəlcədən razılaşdırılmış ola bilərdi və prezident bizim oyunlarımıza mərc edirdi. Daha sonra onun hüquq-mühafizə orqanları ilə ciddi problemləri də yarandı. Qələbədən sonra bizə bir dəstə pul verirdi. İki qol vuran komanda yoldaşlarımdan birinə isə qol saatı hədiyyə etmişdi. İnanılmaz, sanki başqa dünyadan olan səhnələr idi. Bununla yanaşı, maaşların gecikməsinə də dözməli olurduq”.

İndoneziyada azarkeşlər soyunub-geyinmə otağına girməyə çalışıblar

İndoneziyada futbolun böyük populyarlıq qazandığını vurğulayan Rossi məğlubiyyətdən sonra azarkeşlərin soyunub-geyinmə otağına daxil olmağa çalışdığı təhlükəli anları da xatırlayıb:

“İndoneziya mənə futbolun təkcə Avropadan ibarət olmadığını göstərdi. Ölkədə futbolun inkişafına kifayət qədər vəsait yatırılır. Stadionlar ağzına qədər dolurdu. Komandanın avtobusu stadionun qarşısında futbolçuları gözləyən azarkeşlərin arasından keçməli olurdu. Küçədə insanlar səninlə şəkil çəkdirirdilər. Onlar futbola dəlicəsinə vurğundurlar.

Məğlubiyyətlərdən birindən sonra polis əməkdaşları ilə birlikdə soyunub-geyinmə otağında qalmağa məcbur olduq. Azarkeşlər qapıları zorla açaraq içəri girməyə çalışırdılar. Həmin ilin oktyabrında, 2022-ci ildə derbidən sonra ciddi iğtişaşlar baş verdi. Mən hadisələri televiziyadan izləyirdim. Qarşıdurmalar nəticəsində 120-dən çox insan həyatını itirdi. Bu, İndoneziya futbolunun tarixində ən böyük faciə idi. Çempionat üç ay müddətinə dayandırıldı”.

Kiprdə rəqib futbolçunun sözləri onu şoka salıb

Rossi Kiprdə çıxış edərkən qarşılaşdığı şübhəli vəziyyətdən də danışıb:

“Meydanda isə artıq aşağı liqaya düşməsi rəsmiləşmiş komandaya qarşı oynayırdıq və bizə müəyyən top fərqi ilə qələbə lazım idi. Oyuna sonradan daxil oldum və iki qol vurdum. Bundan sonra rəqib komandanın müdafiəçisi yanıma gəlib dedi: “Rossi, axı belə razılaşmamışdıq”. Şoka düşdüm. Sonradan öyrəndim ki, klubun prezidenti müxtəlif qanunsuz işlərə qarışıb və həbs olunub”.

İngiltərədə Şakiri, Ouen və Ben Arfa ilə məşq edib

Rossi karyerasının əvvəlində İngiltərədə keçirdiyi illəri də xatırlayıb.

“17 yaşında Premyer Liqa klubu qapını döyəndə təklifdən imtina etmək çətindir. Bu, həmişə arzum olub. “Stok Siti” mənə üçillik müqavilə təklif etdi. Həm idman, həm də maliyyə baxımından cəlbedici təklif idi, bunu gizlətməyə ehtiyac yoxdur.

Açığı, Maykl Ouen, Cerdan Şakiri və Marko Arnautoviç kimi futbolçularla eyni meydanda məşq etmək inanılmaz təcrübə idi. Məşqləri isə İngiltərə futbolunun əfsanəsi Mark Hyuz keçirdi”.

O, “Hall Siti”də Hatem Ben Arfa ilə də məşq etdiyini bildirib:

“Həmin vaxt gənclik kumirlərimdən biri olan Hatem Ben Arfa ilə də məşq edirdim. Bu, inanılmaz təcrübə idi. Məşq mərkəzi sanki bütöv bir şəhər idi: qolf meydançalarının yaşıl örtüyünü xatırladan 20 futbol meydançası var idi. Hər şey tamamilə fərqli səviyyədə idi”.

Qeyd edək ki, Kərim Rossi 2025/2026 mövsümündə “Şamaxı”nın heyətində 35 oyunda 13 qol vurub. O, 2026-cı ilin iyulundan “Qəbələ”də çıxış edir.

İdman.Biz