“Karvan-Yevlax”ın futbolçusu: “Heç-heçə ilə kifayətlənmək istəmirik”

12 Oktyabr 2026 16:33
86
“Karvan-Yevlax”ın futbolçusu: “Heç-heçə ilə kifayətlənmək istəmirik”

“Əsas məqsədimiz “Səbail” ilə səfər oyunundan üç xalla qayıtmaq idi. Hər görüşə qələbə qazanmaq üçün çıxırıq və heç-heçə ilə kifayətlənmək istəmirik”.

Bu sözləri “Karvan-Yevlax”ın futbolçusu Sadiq Quliyev deyib.

31 yaşlı müdafiəçi Birinci Liqanın dördüncü tur çərçivəsində qarşılaşdıqları “Səbail” ilə matç barədə fikirlərini bölüşüb.

“Hər qarşılaşmada məqsədimiz maksimum nəticə əldə etmək və komandamızın qarşısına qoyulan hədəflərə doğru inamla irəliləməkdir. Lakin futbolun reallığı budur ki, hər zaman istədiyin nəticəni əldə edə bilmirsən. Bəzən oyunun gedişatı və müxtəlif amillər buna təsir edir. Qarşıda bizi çoxlu görüşlər gözləyir və çalışacağıq ki, növbəti matçlarda maksimum nəticə qazanaq. Mövsümün başlanğıcı üçün nəticələrimizi pis hesab etmirəm, amma düşünürəm ki, daha çox xal toplaya bilərdik. Bunun fərqindəyik və qarşıdakı oyunlarda buraxdığımız səhvlərdən nəticə çıxararaq daha yaxşı çıxış etməyə çalışacağıq. Qarşımıza çempion olmaq məqsədi qoyulub və biz də bu hədəfə çatmaq üçün əlimizdən gələni edirik. Bilirik ki, mövsüm ərzində asan matç olmayacaq. Bununla belə, öz gücümüzə inanırıq. Qarşımıza qoyulan məqsədə çatmaq üçün birlikdə çalışmalı, hər oyunda sona qədər mübarizə aparmalı və xal itkilərini minimuma endirməliyik”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, “Səbail” - “Karvan-Yevlax” matçı 1:1 hesabı ilə başa çatıb.

İdman.Biz