Musa Qurbanlı: “Özümdən gözləntilərim böyük idi” – MÜSAHİBƏ

Xəbərlər
15 Noyabr 2024 11:13
124
Musa Qurbanlı: “Özümdən gözləntilərim böyük idi” – MÜSAHİBƏ

“Əzimkar mübarizə aparacağıq ki, layiqli qələbə qazanaq. Bunun fərqindəyik”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı deyib.

22 yaşlı hücumçu Millətlər Liqası çərçivəsində Estoniya ilə oyundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, hədəf inamlı çıxışdır.

- Hazırkı formanı necə dəyərləndirirsən?

- Mövsümün əvvəlində zədələndim, əməliyyat olundum. Hələ təzə-təzə oynamağa başlamışam. Çalışıram ki, optimal formamı bərpa edim. Ondan sonra hər şey öz yerini tapacaq.

- Yeni baş məşqçi Fernandu Santuşun oyun fəlsəfəsi haqqında fikirlərin necədir?

- Hər məşqçinin öz oyun fəlsəfəsi var. Fernandu Santuş böyük məşqçidir. Nailiyyətləri göz qabağındadır. Bu mənim onunla ilk təlim-məşq toplanışımdır. Biz oyunçular olaraq ilk onun fəlsəfəsinə öyrəşməliyik, buna alışmalıyıq. Onun dediklərini meydanda həyata keçirməliyik. Bu sinxron olduğu halda bundan sonra nəticələr daha yaxşılaşacaq.

- İsveçdə “Yurqorden” komandasında legioner həyatı yaşadın. Bu dönəmi necə qiymətləndirirsən?

- Çətin oldu. Mental olaraq asan deyildi. Mən də bunun fərqində idim. Bir gənc azərbaycanlı kimi Avropaya yollanmışdım. Özümün də özümdən gözləntilərim böyük idi. Ona görə də bir qədər çətin alındı. Amma çalışıram ki, müsbət tərəfə aparım. Futbolçunun həyatında çətinlik olmasa nailiyyət olmaz. Bundan nəticə çıxarmağa çalışacam. Fikirləşirəm ki, bu məni həvəsdən salmamalıdır. Hələ gəncəm. 22 yaşım var. Karyeramın əvvəlindəyəm. Nə qədər “Yurqorden”də alınmasa da, düşünürəm ki, bu mənim üçün yaxşı təcrübə idi. Çalışacam ki, bundan dərs çıxarım ki, gələcəkdə daha yaxşı olsun.

- Estoniyanın heyətində bir sıra legioner futbolçular var. Rəqibi necə təhlil etmisiz?

- Estoniyanın heyətində oynayan oyunçuları sırf bir-bir tanımıram. Harda oynadıqlarını bilmirəm. Bəlkə onlar da ölkə xaricində çıxış edirlər. Açığı, bu mənim üçün o qədər də maraqlı deyil. Bəzən olur ki, hətta çox güclü komandalar zəiflərə məğlub olurlar. Mən məsələyə bu tərəfdən baxmıram. Fikirləşirəm ki, öz oyunumuza köklənsək, bunu yaxşılaşdırmağa çalışsaq, nəticə olacaq.

- Zədədən təzə qayıtdığını qeyd etdin. Bundan sonra belə qısa müddətdə milliyə dəvət olunacağını düşünürdün?

- Hər futbolçu millidə oynamağa can atır. Zədədən qayıtmışam, hələ matçlara çıxmamışam. Amma indi belə alındı. Hamımız milliyə maksimumu vermək üçün hazırıq.

Qeyd edək ki, Azərbaycan - Estoniya matçı sabah saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.

İdman.biz

Məqalədə: