“Betis”dən ardıcıl üçüncü qələbə, “Vilyareal”dan mövsümdə ilk üç xal - YENİLƏNİB + VİDEO

18 Sentyabr 2026 01:37
849
“Betis”dən ardıcıl üçüncü qələbə, “Vilyareal”dan mövsümdə ilk üç xal

İspaniya La Liqasının altıncı turuna yekun vurulub.

İdman.Biz xəbər verir ki, turun son oyununda “Malaqa” və “Vilyareal” komandaları üz-üzə gəlib.Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Malaqa” 12-ci dəqiqədə Karlos Dotorun qolu ilə hesabı açıb. “Vilyareal” 40-cı dəqiqədə Alberto Moleyronun qolu ilə bərabərliyi təmin edib.

Pap Qeye 45+2-ci dəqiqədə qonaqları hesabda önə keçirib. 82-ci dəqiqədə “Vilyarreal”ın müdafiəçisi Karlos Romero fərqlənsə də, VAR-a baxıldıqdan sonra qol ləğv edilib. Qeye 86-cı dəqiqədə penaltidən vurduğu qolla dublunu rəsmiləşdirib.

Beləliklə, “Vilyareal” mövsümdə ilk qələbəsini qazanaraq beş xalla turnir cədvəlində 14-cü pilləyə yüksəlib. Üç xalı olan “Malaqa” isə 19-cu yerdə qərarlaşıb.

Altı turdan sonra La Liqanın turnir cədvəlinə 18 xalla “Barselona” başçılıq edir.

23:04

İspaniya La Liqasının altıncı turunda “Betis” doğma meydanda “Xetafe”ni qəbul edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 45-ci dəqiqədə “Betis”in hücumçusu Abde Ezzalzuli vurub.

“Xetafe” görüşü azlıqda başa vurub. Yarımmüdafiəçi Mario Martin iki sarı vərəqə alaraq meydandan qovulub.

Bu qələbə ilə “Betis” La Liqada ardıcıl üçüncü qələbəsini qazanıb və xallarının sayını 15-ə çatdırıb. Sevilya təmsilçisi turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

Dörd matçdır qələbə qazana bilməyən “Xetafe” isə 5 xalla 15-ci yerdədir.

Sentyabrın 20-də “Betis” səfərdə “Deportivo”nun qonağı olacaq. “Xetafe” isə həmin gün doğma meydanda “Malaqa”nı qəbul edəcək.

İdman.Biz