Mauro İkardi 11 yaşlı qızına qarşı zorakılıqda ittiham olunur - TƏFƏRRÜAT

13 Noyabr 2026 14:55
35
Mauro İkardi 11 yaşlı qızına qarşı zorakılıqda ittiham olunur - TƏFƏRRÜAT

Argentinalı futbolçu Mauro İkardi 11 yaşlı qızına qarşı fiziki zorakılıqda ittiham olunur. Hadisə ilə bağlı təfərrüatlar üzə çıxıb.

İdman.Biz “Infobae” nəşrinə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da Buenos-Ayresin ətrafında yerləşən Nordelta yaşayış kompleksində, İkardinin evində baş verib. Həmin vaxt futbolçunun keçmiş həyat yoldaşı Vanda Nara “MasterChef Celebrity” şousunun çəkilişlərində iştirak edib.

Məlumata görə, 11 yaşlı qız kompüter vasitəsilə “WhatsApp”da anasına mesaj yazaraq kömək istəyib. O, tək qaldığını, atasının onu vurduğunu və çox qorxduğunu bildirib. İddiaya görə, İkardi əvvəlcə qızını danlayıb, daha sonra vuraraq otağa bağlayıb.

911-ə edilən zəngdən sonra hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları gəlib. Qız evdən özbaşına çıxaraq anasının yanına gedib. İkardinin digər qızı da həmin vaxt evdə olub və anasına qoşulub. Polis hesabatında futbolçunun evdə qaldığı və əməkdaşlarla danışmaqdan imtina etdiyi qeyd olunub.

Tigre bələdiyyəsinin gender zorakılığı ilə mübarizə üzrə prokuroru Xulio Petrukki hadisə ilə bağlı araşdırmaya başlayıb. Vanda Naranın rəsmi ifadəsinin alınması, azyaşlının məhkəmə-tibbi ekspertizadan keçirilməsi və İkardinin iş üzrə məlumatlandırılması barədə qərar verilib.

Çəkiliş zamanı Vanda Naraya çoxsaylı zənglər daxil olub. Lakin çəkiliş meydançasında mobil telefonlardan istifadə qadağan edildiyi üçün zənglərə onun sevgilisi Martin Migeles cavab verib. Bundan sonra onlar çəkilişləri yarımçıq saxlayaraq İkardinin evinə yollanıblar.

Nara evə çatdıqdan sonra İkardi ilə aralarında mübahisə yaranıb. Tərəflər yaşayış kompleksinin ərazisində bir-birinə qışqırıblar. Migeles onları sakitləşdirməyə çalışsa da, buna nail ola bilməyib.

Daha sonra Nara və onu müşayiət edən şəxslər prokurorluğa getməzdən əvvəl xəstəxanaya baş çəkiblər. Jurnalistin sözlərinə görə, məqsəd tibbi yardım almaqdan çox, iddia edilən xəsarətləri ekspertiza vasitəsilə qeydə aldırmaq olub.

Noyabrın 12-də isə 33 yaşlı İkardi vəkillərinin müşayiəti ilə prokurorluğa gedərək böyük qızına qarşı yüngül bədən xəsarətləri yetirməkdə ittiham olunduğu iş üzrə ifadə verib. Bildirilir ki, futbolçu evində axtarış aparılmasına mane olub və hüquq-mühafizə orqanlarının əməkdaşlarının qızına məxsus əşyaları götürməsinə imkan verməyib. O, hadisə ilə bağlı öz versiyasını təqdim edib.

İkardinin vəkilləri isə müvəkkillərinə qarşı irəli sürülən ittihamların yalnız bir tərəfin mövqeyinə əsaslandığını bildiriblər. Onlar istintaqın hər iki tərəfin mövqeyini dinləməli olduğunu vurğulayıblar.

Qeyd edək ki, Mauro İkardi ilə Vanda Naranın 2015 və 2016-cı illərdə dünyaya gəlmiş iki qızı var. Naranın argentinalı sabiq futbolçu Maksi Lopeslə əvvəlki nikahından daha üç övladı da var.

İdman.Biz