Nəriman Axundzadənin “Ərzurumspor”dan ayrılacağı iddia olunur

13 Noyabr 2026 13:30
37
Nəriman Axundzadənin “Ərzurumspor”dan ayrılacağı iddia olunur

Nəriman Axundzadənin Azərbaycan futbol millisinin noyabr oyunları üçün heyətə dəvət almaması Türkiyə mətbuatında müzakirələrə səbəb olub.

İdman.Biz xəbər verir ki, yerli kiv 22 yaşlı hücumçunun milliyə çağırılmamasını “Ərzurumspor”dakı çıxışı ilə əlaqələndirib.

Türkiyə mətbuatının yazdığına görə, Axundzadə icarə əsasında çıxış etdiyi komandada bu mövsüm cəmi 55 dəqiqə meydanda olub. Bildirilib ki, futbolçu hazırkı forması ilə məşqçilər korpusunun etimadını qazana bilməyib.

Nəşrlər qeyd ediblər ki, millinin oyunları ilə əlaqədar yaranan fasilə Nəriman üçün fiziki formasını yaxşılaşdırmaq və klubda daha çox şans qazanmaq baxımından fürsət ola bilər.

Türkiyə mediasının iddiasına görə, hücumçu əsas heyətə düşə bilməsə, qış fasiləsində “Ərzurumspor”dan ayrıla bilər. İcarə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulsa da, tərəflərin qarşılıqlı razılıq əsasında daha əvvəl yollarını ayırması istisna edilmir.

Qeyd edək ki, Nəriman Axundzadənin müqavilə ilə hüquqları ABŞ-nin “Kolambus Kryu” klubuna məxsusdur.

İdman.Biz