Ronaldu Türkiyəyə getməyəcək: Karyerasını bitirəcəyi klub açıqlandı

13 Noyabr 2026 15:40
38
Ronaldu Türkiyəyə getməyəcək: Karyerasını bitirəcəyi klub açıqlandı

Səudiyyə Ərəbistanından olan jurnalist Əbdüləziz əl-Muraysel Kriştianu Ronaldu ilə bağlı Türkiyə klublarına mümkün transfer iddialarını təkzib edib.

İdman.Biz xəbər verir ki, jurnalist noyabrın 12-də sosial şəbəkə hesabında paylaşım edərək 41 yaşlı portuqaliyalı hücumçunun karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda başa vurmaq niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, Ronaldu hələ cari mövsümün karyerasında sonuncu olub-olmayacağına qərar verməyib. Lakin futbolçu hansı qərarı qəbul etməsindən asılı olmayaraq, çıxışlarını məhz “Əl-Nəsr”də yekunlaşdıracaq.

Əl-Muraysel hücumçunun başqa kluba keçməsi ehtimalını da istisna edib:

“Dünyanın bütün mənbələrinə hörmətlə yanaşaraq bildirirəm ki, Kriştianu Ronaldu artıq başqa heç bir klubda oynamayacaq. O, ya cari mövsümün sonunda “Əl-Nəsr”lə müqaviləsini uzadacaq, ya da peşəkar karyerasını başa vuracaq”.

Xatırladaq ki, daha əvvəl türkiyəli jurnalist Yağız Sabuncuoğlu Ronalduya yaxın şəxslərdən birinin futbolçunun Türkiyə çempionatına mümkün keçidi ilə bağlı araşdırma apardığını yazmışdı. Potensial namizədlər arasında “Fənərbağça”nın da adı çəkilirdi.

Portuqaliyalı futbolçunun “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.

Qeyd edək ki, Əbdüləziz əl-Murayselin açıqlaması jurnalistin şəxsi məlumatıdır və Ronaldu tərəfindən hələlik rəsmi təsdiqini tapmayıb.

İdman.Biz