Fernandu Santuş: “Onlarla şəxsi qərəzliyim yoxdur” - MÜSAHİBƏ

Xəbərlər
8 Noyabr 2024 12:14
325
Fernandu Santuş: “Onlarla şəxsi qərəzliyim yoxdur” - MÜSAHİBƏ

“Bu, texniki bir qərardır. Son oyunlarda onun çıxışını bəyənmədim və dəvət etmədim”

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Millətlər Liqasında Estoniya və İsveç yığması ilə oyunlarla bağlı keçirdiyi mətbuat konfransında deyib.

O, Mehdi Cənnətovun yığmaya dəvət olunmamasına, Mahir Emrelinin qırmızı vərəqə səbəbindən növbəti oyunda meydana çıxmayacağına münasibət bildirib: “Hər zaman çıxış yolu var. Çalışacağıq ki, bunu tapaq. Qarşıdakı təlim-məşq toplanışında bunu aydınlaşdıracağıq və irəlidə kimin oynamasına qərar verəcəyik”.

- Milliyə yeni gənc oyunçular dəvət olunub. Qarşıdakı görüşlərdə onlara şans verəcəksiz?

- Bu təlim-məşq toplanışına daha 2 gənc oyunçu dəvət edilib. Məşqlər zamanı onları yoxlanışdan keçirəcəyik və baxacağıq ki, gələcəkdə hansı bizə kömək olacaq. Əlbəttə ki, gənclərin yanında hər zaman təcrübəli oyunçu da olmalıdır. Bu səbəbdən ancaq gəncləri çağırmaq mümükün deyil.

- Arif Əsədovun gedişindən sonra yerli məşqçilərdən 1 nəfərin köməkçiniz olacağını demişdiz. Amma bunu görmürük. Əksinə, məşqçilər korpusunda olan Kamran Ağayevi kənarda saxlayırsız...

- Bu düzgün xəbər deyil. Kamran bizimlə bərabərdir. Bununla bağlı işlər gedir. Baxacağıq ki, qarşıdakı günlərdə kimi korpusa dəvət edəcəyik. Bunu etmək asan deyil. Çətinliklər var. Köməkçi işi elədir ki, baş məşqçiyə köməyi dəyməlidir. Bunun üzərində də AFFA ilə bərabər işlər görürük.

- Qəbələ dağlıq ərazi olduğuna görə yüksəklikdir. Futbolçular nəfəs almaqda çətinlik çəkirlər. Bunu araşdırmısız?

- Artıq 2 dəfə Qəbələdə olmuşam. Ümumi götürsək, dünyanın hər yerində futbolçular hər vəziyyətə adaptasitya olur. Bu sadəcə bir bəhanə ola bilər. Meydança pisdir, yağış yağdı deyə bəhanələr gətirmək olar. Amma əsas istəkdir. O olduqdan sonra bəhanələr boş şeydir. Qəbələdə dağın hündürlüyünü bilmirəm, amma bəzi komandalar 3000 metr hündürlükdə oynayıb heç bir problem yaşamırlar.

- “Araz-Naxçıvan”dan dəvət olunan Mustafa Əhmədzadəni hansı komponentlərinə görə milliyə çağırdız?

- Oyunlarını gördüm və o məni özünə cəlb etdi. İşimizin bir hissəsi də Premyer Liqa oyunlarını izləməkdir. Bunu edirik. O, nəinki mənim, məşqçilərin də diqqətini cəlb etdi və dəvət göndərdik.

- Amil Seydiyev yenidən heyətə dəvət edildi. Milliyə dəvət olunmadığı müddətdə o özünü inkişaf etdiribmi?

- 2 təlim-məşq toplanışında Amili çağırmışdım. Ondan sonra milliyə dəvət olunmadı. Başqa oyunçuya imkan verdim. Bayaq dediyim ki, oyunları izləyirik, onun son matçları diqqəti çəkdi. Heç bir futbolçu ilə şəxsi qərəzliyim yoxdur.

- Növbəti oyunda da məğlubiyyət olsa baş məşqçi bunu necə qarşılayacaq?

- Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq və əlimizdən gələni edirik. Amma onu da qeyd edək ki, yeni proyektin üzərində iş gedir. Hamılıqla çalışmalıyıq. Heç kim bizi çıxdığımız yoldan geri çəkə bilməz.

Qeyd edək ki, Azərbaycan millisi C liqasının I qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya ilə, noyabrın 19-də isə Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da İsveçlə qarşılaşacaq.

Emin Ağa
İdman.biz

Məqalədə: