“Lixtenşteynlə oyundan sonra media və azarkeşlər bizi çox tənqid etdilər”.
Bunu Azərbaycan millisinin futbolçusu Rüfət Abbasov evdə Litvaya 1:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının D qrupunun oyunundan sonra sportify.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Oyun haqqında fikirləriniz necədir?
– Lixtenşteynlə oyundan sonra media və azarkeşlər bizi çox tənqid etdilər. Bu, normal idi. Bu gün yalnız qələbə haqqında düşünürdük. Komanda çox yaxşı oynadı, çox əzmkar mübarizə apardı və lazım olan qələbəni qazandıq. Lixtenşteynlə səfərdə də yalnız qələbə haqqında düşünəcəyik. Bu zəfər artıq geridə qaldı. Növbəti oyunda da yalnız qələbə barədə düşünəcəyik.
– Növbəti oyununuz “Sabah”a qarşıdır. Həmin matçda da qələbə qazana biləcəksiniz?
– Əlbəttə. Bura “Neftçi”nin stadionudur, mənim evimdir. Bu stadionda özümü daha yaxşı hiss edirəm. Məşqçilər heyəti bizə çox inandı, güvəndi və böyük motivasiya verdi. Biz də heç nə düşünmədik, üzərimizdəki təzyiqi kənara qoyduq və yalnız qələbə haqqında düşündük. Qələbəmizi qazandıq.
– Oyundan sonra baş məşqçi Ayxan Abbasov sizə nə dedi?
– Komandamızın çox böyük əzmkarlıq göstərdiyini bildirdi. Buna görə də bizi təbrik etdi.
– Lixtenşteynlə oyundan sonra komanda üzərində təzyiq yaranmışdı?
– Mental olaraq, bəli. Lixtenşteynlə oyundan sonra komandada bir qədər mental çöküş var idi. Amma yenə deyirəm, komanda olaraq toparlandıq və özümüzə inandıq.
– “Sofascore” nəşrinin statistikalarına görə, bu matçın ən yaxşı futbolçusu siz olmusunuz. Bununla bağlı nə deyə bilərsiniz?
– İstəyirəm ki, hər oyunda əlimdən gələnin ən yaxşısını edim. Çünki biz ölkəmiz, xalqımız və bayrağımız üçün oynayırıq. Bu da bizə həqiqətən əlavə motivasiya verir.
