“Lixtenşteynlə matçda çox üstün oynadıq, lakin fərqlənə bilmədik”.
Bunu Azərbaycan millisinin futbolçusu Oruc Məmmədov evdə Litvaya 1:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının D qrupunun oyunundan sonra sportify.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Komanda epizodlar yaratsa da, qol sayını artırmaqda çətinlik çəkir. Bunu nə ilə əlaqələndirirsiniz?
– Futboldur, rəqib də yaxşıdır. Hesabda öndə olduğumuz üçün üzərimizə daha çox təzyiq etdilər. Hər şey ola bilər.
– Bitiricilikdəki problemin səbəbi nədir?
– Bitiricilik yaxşı idi. Çünki belə baxanda, bir çox futbolçumuz klublarında kifayət qədər oyun keçirmir. Qarşıdakı bir ay ərzində daha çox şans əldə edərlər. Mən özüm də daha yaxşı olmağa çalışacağam.
– Sizcə, çempionatda legioner futbolçuların çox olması və yerli futbolçuların az oynaması milliyə təsir edir?
– Bəli, istər-istəməz təsiri var. Çünki bizə çox az güvənirlər. Bu, bir qədər pisdir. Hamı çalışmalı, daha çox əlavə məşq etməlidir. Legionerlər bizdən çox fərqli deyillər. Bizə də güvənsinlər, azarkeşlər bizi dəstəkləsinlər. Azərbaycan futbolu daha yaxşı olacaq.
– Qrup lideri olmaq əsas məqsədlərdən biridir. Növbəti səfər oyununda uğurlu nəticə qazanmaq nə dərəcədə realdır?
– Lixtenşteynlə matçda çox üstün oynadıq, lakin fərqlənə bilmədik. Qarşıda bir ay vaxtımız var. Çox hazırlaşacağıq, hamı daha çox çalışacaq. Motivasiya var və bu qələbə bizə əlavə motivasiya verdi. İnşallah, hər şey yaxşı olacaq. Azarkeşlər bizdən yaxşı nəticələr gözləsinlər.
– Millidəki ilk oyununuz, yəni debütünüz sizin üçün necə keçdi?
– Bir az həyəcan var idi, açığı. Belə şeyləri hamı yaşayır. Lakin 10-15 dəqiqədən sonra bir qədər rahatladım. Məşqçilər sağ olsunlar, mənə güvəndilər və belə təzyiqli oyunda şans verdilər. Şükürlər olsun, qələbə qazandıq. Necə oynadığımızı siz daha yaxşı bilərsiniz. İlk oyunda qələbə qazanmaq mənə əlavə motivasiya verir.
