“Komanda çox yaxşı mübarizə apardı. Biz layiqli qələbə qazandıq. Qrupda birinci yerdəyik ki, bu da artıq yaxşıdır”.
Bu sözləri Azərbaycan futbol milli komandasının hücumçusu Renat Dadaşov UEFA Millətlər Liqasının D qrupunun üçüncü turunda Litva üzərində qazanılan 1:0 hesablı qələbədən sonra deyib.
Milli komandamızın forvardı realizasiya problemlərinə, baş məşqçinin fəaliyyətinə və qrupdakı hədəflərə toxunub.
“İndi klublarımıza diqqət yetirəcəyik, sonra isə qrupda Lixtenşteynə qarşı son oyuna hazırlaşacağıq. Tsikli birinci yerdə başa vurmaq üçün yaxşı şansımız var. Bunun üzərində çalışacağıq. Ayxan Abbasov, hamınızın gördüyünüz kimi, əla iş görür. Bəli, az qol vururuq. Litva ilə görüşdə mənim özüm iki qol epizodu əldə etdim, amma fərqlənə bilmədim, bunlar üzərində işləməliyik. Amma əsas odur ki, qalib gəldik. Heç kim bizə inanmırdı, amma özümüzə inandıq və qalib gəldik”, - deyə o sportal.az-a açıqlamasında vurğulayıb.
