Cahangir Həsənzadə: “Estoniya ilə oyunda qolu Musa Qurbanlı və Ramil Şeydayevdən gözləyirəm”

Xəbərlər
13 Oktyabr 2023 10:45
174
Cahangir Həsənzadə: “Estoniya ilə oyunda qolu Musa Qurbanlı və Ramil Şeydayevdən gözləyirəm”

“Biz həm fərdi şəkildə, həm də oyun baxımından Estoniya yığmasından güclüyük”.

Bunu İdman.biz saytına milli komandamızın sabiq futbolçusu Cahangir Həsənzadə deyib.

O, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Estoniya – Azərbaycan matçını dəyərləndirib. Veteran qapıçı bildirib ki, hazırda Canni de Byazinin komandası yaxşı formadadır: “Düşünürəm ki, qrup mərhələsinin əvvəli ilə müqayisədə oyunçuların durumu fərqlidir. Bu, müsbət yöndə dəyişib. Futbolçularımızın fiziki və psixoloji durumları daha yaxşıdır. Legioner həyatı yaşayan oyunçularımız da xaricdə kifayət qədər vaxt əldə edirlər. Estoniya üzərində qələbə qazanacağımızı düşünürəm”.

Həsənzadə vurğulayıb ki, qələbə qazanmaq üçün hücumçularımız qol vurmalıdır: “Ramil Şeydayevin öz istədiyi performansına yaxınlaşdığını düşünürəm. Estoniya ilə oyunda Musa Qurbanlı və Ramil Şeydayevin gözəl oyun nümayiş etdirəcəyini düşünürəm. Qolu da yalnız onlardan gözləyirəm”.

O, Estoniya ilə matçda qapının Şahruddin Məhəmmədəliyevə həvalə olunmasını daha düzgün hesab edir: “Qapıda Məhəmmədəliyev olsa daha yaxşı olar. Çünki bu mövqe çox mühümdür. Təcrübə bu məsələdə önəmli amildir. Düzdür, Şahruddin oyun praktikasında digər qapıçılardan geri qalır, amma təcrübə baxımından onlardan kifayət qədər üstündür”.

Qeyd edək ki, Estoniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Emin Ağa

İdman.biz