Mahir Emreli: “Ümid edirəm ki, bütün oyunlarda qələbə qazanacağıq” - MÜSAHİBƏ

24 Sentyabr 2026 10:15
99
Mahir Emreli: “Ümid edirəm ki, bütün oyunlarda qələbə qazanacağıq” - MÜSAHİBƏ

“Mən hazırda o anları yaşamağı düşünürəm. Polşada xoşbəxtəm”.

Bunu Azərbaycan millisinin və Polşanın “Rakuv” klubunun futbolçusu Mahir Emreli sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Tacikistan üzərində 1:0 hesablı qələbə qazandığınız yoldaşlıq görüş barədə nə deyə bilərsiniz?

– Hazırda rahat rəqiblər yoxdur. Biz də oyunun rahat keçəcəyini düşünmürdük. Müəyyən epizodlarda, daha çox ikinci hissədə səhvlər buraxdıq. Evdə oynayırdıq, rəqib dişimizə görə idi və azarkeşlərimiz qarşısında qələbə qazanmaq istəyirdik. Ona görə də düşünürəm ki, rəqibə təzyiq göstərmək istəyəndə bəzi məqamlarda haradasa səhvlər etdik və bu da rəqibin hücumları ilə nəticələndi. Bunlar da istəkdən, qələbə arzusundan irəli gəlirdi. Təbii ki, bunların üzərində də işləyəcəyik. Qarşıda bizi növbəti vacib oyunlar gözləyir. Qısa müddətdə çox vacib 3 rəsmi görüş keçirəcəyik. Ümid edirəm ki, bütün oyunlarda qələbələr qazanıb, bu əhval-ruhiyyəni qoruyaraq, xalqımızı sevindirəcəyik.

– Millinin təqvimi elədir ki, çox qısa müddətdə 4 oyun keçirmək lazımdır. Qarşıdan UEFA Millətlər Liqasının vacib oyunları gəlir. Sıx qrafikdə xal və ya xallar qazanmaq imkanlarını necə dəyərləndirirsiniz?

– Düşünürəm ki, bu rəqiblərə qarşı oynamaq olar. Eyni cür də onlar üçün təqvim var. Məsələn, Litva ilk rəsmi oyununu sentyabrın 24-də səfərdə Lixtenşteyə qarşı oynayacaq. Milli komandadakı futbolçularla uzun müddətdir birlikdəyik. Onların arasında bu ritmdə oynayan futbolçularımız olub. Onlar yəqin ki, öz bədənlərinə, bərpalarına diqqət etməyi bacarırlar. Xüsusən, “Qarabağ”dan, “Sabah”dan dəvət almış futbolçular qısa müddətdə bərpa olmağı, bu tempdə oynamağın necə ağır olduğunu bilirlər. Ümid edirəm ki, problem olmayacaq, çünki heyət genişdir.

– Polşada hazırda “Rakuv”un ulduz futbolçularından birinə çevrilmisiniz. Orada uzun müddət qalmağı düşünürsünüz, yoxsa məqsədiniz daha üst liqalarda oynamaqdır?

– Mən hazırda o anları yaşamağı düşünürəm. Polşada xoşbəxtəm. Sağ olsunlar, komandada mənə diqqət göstərirlər, çox yaxşı qəbul ediblər. Bunların nəticəsidir ki, mən də oyunlarda özümü yaxşı tərəfdən göstərə bilirəm. Təbii ki, nəticələr tam ürəkaçan deyil, sonuncu pillədəyik. Amma baş məşqçimiz Tomaş Kaçmarek də yenidir. Bəzi oyunlarda uduzmamalı idik. Amma qollar vuraraq komandaya tez öyrəşmək hücumçu üçün önəmlidir. Bu tempi qorumağa çalışmaq lazımdır. Hazırda yeni baş məşqçiyə alışma dövründəyik. Çünki biz milli komandadayıq, amma klubdakılar məşq edirlər. Düşünürəm ki, bu, klub üçün də faydalı olacaq. Çünki istər-istəməz yeni baş məşqçi yeni qan, yeni sistem deməkdir. Mən də qısa müddətdə onun istək və tələblərini yerinə yetirməyə çalışacağam.

– Tacikistana daha çox qol vura bilməməyinizin səbəbi nə idi?

– Epizodlara girdik, amma dəyərləndirə bilmədik. Müəyyən epizodlarda top qapıdan kənara getdi, bəzilərində qapıçı dəf etdi. Bəzi zərbələrim bloklandı. Meydanın vəziyyəti də da o dərəcədə ideal deyildi ki, topu saxlayaraq zərbə endirmək rahat olsun. Təbii ki, bu, bəhanə değil. Amma fikrimcə, bəzi yaxşı, kəsərli hücumlarımız oldu. Onları da qarşıdakı oyunlarda daha yaxşı dəyərləndirmək lazımdır.

– Yenə də azarkeşlər az idi, tribunalar tam dolmamışdı. Qarşıdan gələn Millətlər Liqasının oyunlarında bu amil nə dərəcədə rol oynaya bilər?

– Uşaq yaşlarımdan millinin oyunlarının çoxuna baxmağa getmişəm. Yadıma gəlmir ki, azarkeşsiz milli və klublarımız nə vaxtsa belə böyük qələbələr qazansınlar. Olubsa da, bu, çox nadir hallarda baş verib. Çünki biz millət olaraq, emosionalıq. Bu barədə düşünür, həmişə gücümüzü birlikdən alırıq – hər zaman belə olub. İstərdik ki, qarşıdakı oyunlarda bizi dəstəkləsinlər, çünki həqiqətən də onlar tribunada olanda, tribunalar dolanda daha yaxşı oynayırıq.

– Zədəniz nə vəziyyətdədir?

– Hələlik bilmirəm. MRT müayinəsindən sonra aydınlıq gələcək.

İdman.Biz