Maykl Karrik “Mançester Yunayted”in baş məşqçisi vəzifəsindən kənarlaşdırıla bilər.
İdman.Biz “Calciomercato”ya istinadən xəbər verir ki, Premyer Liqa klubunun rəhbərliyi mövsümün startındakı uğursuz nəticələr fonunda belə ssenarini nəzərdən keçirir.
“Mançester Yunayted” son matçında “Fulhem”lə heç-heçə edib (1:1) – komanda hesabı yalnız 89-cu dəqiqədə bərabərləşdirib. Bundan əvvəl mankunianlılar İngiltərə Liqa Kubokunda 2:0 hesabı ilə öndə olduqları oyunda “Brayton”a 2:3 hesabı ilə uduzublar. Ondan əvvəl isə “Mançester Yunayted” “Mançester Siti”yə (0:1) və “Hall Siti”yə (0:2) məğlub olub.
Məlumata görə, Karrik istefaya göndəriləcəyi təqdirdə “MÜ”nün baş məşqçisi postuna əsas namizəd Antonio Kontedir. Premyer Liqa klubunun rəhbərliyi üçün 57 yaşlı italiyalı mütəxəssisin namizədliyi prioritet təşkil edir.
Konte son olaraq ötən mövsümün sonunda ayrıldığı “Napoli”də çalışıb.
İtaliyalı mütəxəssis Premyer Liqada “Çelsi” və “Tottenhem”i çalışdırıb. O, “zadəganlar”ı Premyer Liqa çempionluğuna və İngiltərə Kubokunda qələbəyə daşıyıb.
“Mançester Yunayted” beş turda beş xal toplayaraq Premyer Liqanın turnir cədvəlində 12-ci yerdə qərarlaşıb.
